İranın gizli maliyyə sistemi: "Nobitex"in arxasında kim durur

      İranın gizli maliyyə sistemi:    "Nobitex"in arxasında kim durur
  17 May 2026    Oxunub:4148
İran hökuməti Qərbin sanksiyalarından yayınmaq üçün kriptovalyutalardan aktiv istifadə edir. Ölkənin müxtəlif qurumları kriptobirjada yüz milyonlarla dollar həcmində əməliyyatlar aparır. Bu əməliyyatların 70%-i “Nobitex” adlanan kriptobirjanın vasitəsilə həyata keçirilir.
“Nobitex” faktik olaraq İranın alternativ maliyyə sistemi funkiyasını yerinə yetirir. “Sepah” və İranın Milli Bankı da onun vasitəsilə böyük həcmdə gizli maliyyə əməliyyatları həyata keçirirlər. Məsələn, 2025-ci ilin birinci yarısında İran Milli Bankının belə əməliyyatlarının həcmi 340 milyon dollar olub. Halbuki, sanksiyalar səbəbindən bankın beynəlxalq maliyyə sisteminə birbaşa çıxışı yoxdur.

Blokçeyn qeydlərinin analizi göstərib ki, Tehranın aldığı silahların pulu, həmçinin regiondakı tərəfdaşlarına – məsələn, husilərə - göndərdiyi vəsaitlər “Nobitex” birjasının vasitəsilə çatdırılır. İran hakimiyyəti üçün bu platforma dünya maliyyə sisteminə çıxışın arxa qapısı rolunu oynayır.

Bu qədər əvvəl “Reuters”in apardığı araşdırma göstərmişdi ki, birja İranın güc strukturları və elitası ilə sıx bağlıdır. Platformanın arxasında ölkənin nüfuzlu nəslinin nümayəndələri olan Əli və Məhəmməd Xərrazi qardaşları dayanıblar. Onlar uzun müddət kimliklərini “Ağamir” soyadının altında gizlədiblər.

Xərrazi ailəsinin nümayəndələri uzun müddət ali dini liderlərin məsləhətçisi olub. Əli və Məhəmməd qardaşlarının əmisi hətta indiki rəhbər Möctəba Xameneyinin ustadlarından biridir. İranda yüksək rəhbərliyin birbaşa xeyir-duası və himayəsi olmadan belə bir biznes qurmaq mümkün deyil. İranda hətta internetin tam söndürüldüyü günlərdə belə, rejimin “ağ siyahısı”na daxil olan “Nobitex”in fəaliyyətinə davam etməsi də bunu təsdiqləyir.

Qərbin maliyyə xidmətləri birjanın tranzaksiyalarını bloklaya bilmirlər. Çünki əməliyyatların əksər hissəsini sadə insanlar həyata keçirir. İranda kriptovalyuta sahəsi kifayət qədər inkişaf edib və əhali kriptiobirjada fəal şəkildə əməliyyatlar aparır.

“Nobitex”in özü yaydığı açıqlamada İran hakimiyyəti ilə heç bir əlaqəsinin olmadığını və müstəqil şirkət kimi fəaliyyət göstərdiyini iddia edib.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: İran   Nobitex   Kriptobirja  



Xəbər lenti