İnsanların başqalarını öz ardınca aparmasına imkan verən gözəgörünməz qüvvəni ilk dəfə qədim yunanlar araşdırıb. Qədim yunan dilində χάρισμα - "yuxarıdan gələn hədiyyə" və ya "tanrıların lütfü" deməkdir. Bu sözün digər mənası “diqqəti cəlb etmək bacarığı” idi. Bu bacarıq qədim yunan mifologiyasında gözəlliyi, zərifliyi və cəlbediciliyi təcəssüm etdirən ilahəyə - Xaritaya xas idi. O cazibədarlığı və mehribanlığı ilə insanlarda heyranlıq, tanrıların məhəbbət oyadırdı.
Liderliyin mahiyyətini xarakterizə etmək üçün “xarizma” anlayışından istifadə edən ilk mütəfəkkir Platondur. O hesab edirdi ki, xarizma ilahi mənşəlidir, qüdrət sütunlarından biridir və həqiqi hökmdarın əlamətidir.
Xarizmanın qədim yunanca izahı bu gün də populyarlığını itirməyib. Termini antik dövrdən götürən müasir mədəniyyət xarizmanın fövqəltəbii və ilahi mənşəli olması fikrini hələ də tərk etməyib. Bu gün də çoxları xarizmanın “yuxarıdan” hədiyyə verildiyinə, bəzilərinin onu heç vaxt əldə edə bilməyəcəyinə inanırlar.
Amma müasir tədqiqatçıların psixologiya sahəsində apardıqları araşdırmalar göstərir ki, qədim yunanlar xarizmanı anadangəlmə vergi hesab etməkdə yanılıblar. Xarizma öyrənilə bilən bacarıqdır.
Liderliyin dayağı
Alman sosioloqu Maks Veber 20-ci əsrin əvvəllərində xarizmanı dini-mifoloji sahədən dünyəvi arenaya keçirdi. O, liderlik formalarını tədqiq və xarizmanı onun növlərindən birinin əsası kimi xarakterizə etdi. Veberə görə xarizma "başqalarının qeyri-adi qəbul etdiyi insani keyfiyyət"dir. İnsan öz xarizması sayəsində fövqəltəbii, fövqəlbəşər və ya ən azı başqaları üçün əlçatmaz olan xüsusi güc və keyfiyyətlərə sahib biri kimi qiymətləndirilir. Veberin nəzəriyyəsi xarizmatik liderlə onun müstəsna keyfiyyətlərinə inanaraq ardınca gedənlər arasında sosial münasibətlərin təhlilinə əsaslanır.
Xarizmatik idarəetmə tərzinin müasir konsepsiyasında xarizmanın liderlik üçün əsas ola biləcəyi haqqında mütəfəkkirlərin fikirləri inkişaf etdirilib. Hesab edilir ki, yalnız xarizması olan insanlar bir komandanın, hətta bütöv bir xalqın başında dayana, onu ən geniş mənada idarə edə və uğur qazana bilərlər. Siyasətçi, müəllim və iş adamı ilk növbədə xarizmanın təzahürləri ilə əlaqəli peşələrdir. Daha geniş ifadə etsək, çox zaman məhz xarizması olan insanlar lider olurlar, layihələr və komandalar məhz onlara həvəslə etibar edilir. Ətrafdakılara elə gəlir ki, onlarda hər şey alınır, insanlar onlara inanır və onlar üçün işləməyə hazırdırlar. Xarizmatik komanda lideri işçilərin motivasiyasının artırılmasında mühüm qeyri-maddi amilə çevrilə bilər.
Xarizma nədən yaranır
Xarizmanın dəqiq düsturu yoxdur. O, insanın şəxsi keyfiyyətlərindən ibarətdir. Mütəxəssislər qeyd edirlər ki, xarizma subyektiv xüsusiyyətdir. Gözəllik kimi, xarizma da baxanın gözündədir. Biz çox vaxt, məsələn, üz cizgilərini müşahidə etməklə nisbi gözəlliklə razılaşırıq, lakin heyranlığımızın dərəcəsi insandan insana dəyişir. Xarizma da belədir.
“Xarizma. Necə təsir etmək, inandırmaq və ruhlanbdırmaq olar” kitabının müəllifi Oliviya Foks Kabein Birləşmiş Millətlər Təşkilatında, Stenford və Yel universitetlərində liderliyin inkişafı mövzusunda mühazirələr oxuyarkən vurğulayırdı ki, xarizmatik insan təkcə fiziki cəhətdən mövcud olmur, o, sosial situasiyaları həmsöhbətlərinə diqqət yetirərək, ünsiyyətdə səmimi iştirak edərək və qarşılıqlı diqqət göstərməkdən yayınmadan "yaşayır".
Özünə güvənən insanın yaydığı enerji onun ətraf dünyaya təsir etmək qabiliyyətidir. O öz yerində olduğunu dəqiq bilir və nümayiş etdirir, fikirləri və bacarıqları başqaları üçün maraqlıdır.
Xarizmatik şəxsdən yayılan enerji insanları onun ətrafına toplayır, onlar bu şüada qızınmaq üçün dayanıb gözləyirlər.
Emosional intellektin rolu
Emosional intellektin (EQ) xarizmanın mühüm komponenti olduğun digər ekspertlər də vurğulayırlar. Emosional intellekt insanın öz duyğularını, eləcə də digər insanların və qrupların emosiyalarını tanımaq, qiymətləndirmək və idarə etmək qabiliyyətidir. Termini amerikalı psixoloq, “Emosional İntellekt. Niyə o, IQ-dən daha vacib ola bilər?” adlı bestsellerin müəllifi Daniel Koleman populyarlaşdırıb. Koleman iddia edir ki, lider üçün emosiyaları idarə etmək bacarığı “adi” intellekt və ya təhsildən heç də az əhəmiyyət kəsb etmir: “İnsan dünyanın ən yaxşı hazırlığına, kəskin analitik zehninə və sonsuz ideya ehtiyatına malik ola bilər, amma bunsuz yenə də böyük lider ola bilməyəcək”.
Emosional zəkanı, misal üçün, siyasətçilər çətin və ya faciəli durumlarda nümayiş etdirirlər. Çıxışını yarımçıq kəsən QİÇS-ə qarşı fəala “ağrını hiss etdim” cavabını verən Bill Klintonun sözləri buna görə məşhurlaşıb. 2021-ci ildə Almaniyada bunun əksi baş verdi. Kanslerliyə namizədi Armin Laşet daşqınlardan zərər çəkmiş bölgəyə səfər edərkən və təbii fəlakət qurbanları haqqında danışarkən gülərək fotolar çəkdirmişdi. Onun reytinqi kəskin aşağı düşdü və namizədliyini geri götürmək məcburiyyətində qaldı.
Xarizmanı necə yoxlamaq olar
İnsanlara xarizma səviyyələrini ölçməkdə kömək etmək üçün Toronto Universitetinin tədqiqatçıları 2017-ci ildə sadə bir test yaradıblar. Onlar bunu “The General Charisma Inventory” və ya “Ümumi Xarizma İnventarizasiyası” adlandırıblar.
Alimlər müəyyən ediblər ki, xarizma iki əsas amillə bağlıdır: başqalarına təsir etmək, yəni liderlik qabiliyyəti və mehribanlıq, yaxud başqalarına qalib gəlmək bacarığı. Onlar altı bənd tərtib ediblər. Bunlardan ilk üçü başqalarına təsir etməyə cavabdehdir, sonuncu üçü isə mehribanlıq dərəcəsini ölçür.
Xarizma səviyyənizi yoxlamaq üçün hər bir elementin sizi nə dərəcədə təsvir etdiyini beş ballıq şkala ilə qiymətləndirin (1 = qətiyyən razı deyiləm və 5 = tamamilə razıyam):
• Cəmiyyətdə fərqlənirəm
• İnsanlara təsir edə bilirəm
• Bir qrup insana rəhbərlik edə bilərəm
• Ətrafımda başqaları var, insanlar özlərini mənimlə yaxşı hiss edirlər
• Başqalarına tez-tez gülümsəyirəm
• İstənilən insanla ortaq dil tapa bilirəm.
İndi orta xarizma balınızı almaq üçün ümumi xalınızı 6-ya bölün. Tədqiqatçıların fikrincə, əgər balınız 3,7-dən yuxarıdırsa, siz adi insandan daha xarizmatiksiniz.
Alimlər testin effektivliyini “Amazon Web Services” əməkdaşları üzərində sınaqdan keçiriblər. Nəticələr göstərib ki, insan əksər hallarda öz xarizmasının səviyyəsini digər insanların onu dəyərləndirdiyi kimi qiymətləndirir.
Xarizmanı inkişaf etdirmək olarmı?
Müasir psixoloqlar qeyd edirlər ki, xarizma inkişaf edə bilər və bunun üçün bir çox üsul var. Xarizma insanın ilkin ekstraversiyasından asılı olsa da, əxz olunmuş vərdişə çevrilə bilər, onu xarici dil kimi öyrənmək mümkündür.
Bundan başqa, “Claremont McKenna” Kollecinin uzun illərini xarizmanın öyrənilməsinə həsr etmiş professoru Ronald Riccio iddia edir ki, bir çox insan həyatı boyu “xarizmalarını inkişaf etdirmək potensialını sadəcə dərk etmir”, daha xarizmatik olmağa və bununla həyatını yaxşılaşdırmağa cəhd belə göstərmir.
Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, xarizmanı və xüsusən də emosional zəkanı məktəb intizamına çevirmək lazımdır. Hollandiyalı neyropsixoloq Erik Matserin fikrincə, “məktəblərdə empatiya və insanlarla ünsiyyət bacarıqlarının öyrədilməsi insanlara yetkinlik dövründə tam potensiallarını həyata keçirməyə kömək edəcək”.
Stiv Cobsu tez-tez özünə şans yaradan və danılmaz xarizmatik lider olmağı bacaran insan nümunəsi kimi göstərirlər. YouTube-da onun videolarını hələ də milyonlarla insan izləyir. Amma o, tamamilə fərqli başlamışdı. İlk ictimai çıxışlarında Jobs olduqca utancaq, bəzən hətta darıxdırıcı insan təsiri bağışlayırdı. Lakin illər keçdikcə özünəməxsus maqnetizmini inkişaf etdirdi. Jobs həmkarları arasında çətinliklərin miqyası haqqında təsəvvürü təhrif edərək, onları demək olar ki, hər şeyə inanmağa məcbur edirdi. Beləliklə, o, komandanı istənilən tapşırığın həyata keçirilə biləcəyinə inandırırdı.
Qazanrılmış xarizma
Xarizma məqsədlərə çatmaq üçün yanacaq rolunu oynayır. O, sosial sürətləndirici kimi işləyir və istədiyinizi əldə etməyi asanlaşdırrır. Xarizma başqalarının inandığı, heyran olduğu və məqsədlərinə çatmaq üçün insanın ətrafında uğur aurası yaradan nəsnədir.
İmtahandan əvvəl biletlərin yarısını öyrənmiş iki tələbə təsəvvür edək. Hər ikisinin bəxtinə öyrənmədiyi biletlər çıxdı. Ancaq biri “5” aldı, çünki o, imtahan götürəni ovsunlamağı və söhbəti hiss olunmadan bildiyi sahələrə yönəltməyi bacarmışdı. İkinci tələbə isə təkrar imtahana göndərildi.
Oliviya Foks Kabeinə görə, xarizma bir uğurlu satıcıya eyni sahədəki həmyaşıdlarından beş dəfə çox məhsul satmağa imkan verir. Məsələ burasındadır ki, müştəri üçün ondan almaq daha xoşdur. O nəinki məhsulu pulla satır, həm də müştəriyə yaxşı məsləhət verməyi bacarır, rahat zarafat, gülümsəyərək təşəkkür edir.
Getdikcə daha çox şirkət şəxsi idarəetmə üsullarına xarizmatik elementlər gətirmək üçün öz top menecerlərinə məşqçilər tutur. Xarizmanın inkişafı üzrə müəllif kursu yaradan və Google-un işçilərinə məşq keçən britaniyalı psixoterapevt və məsləhətçi Riçard Rid deyir: “Liderlik emosional intellekt ilə gəlir. EQ-sü olmayan liderlər ilk növbədə qaydalara və təlimatlara etibar edirlər. EQ digər insanlara təsir edərək idarə etməyə kömək edir ki, bu daha effektivdir”. Başqa sözlə, xarizmatik liderin yaratdığı atmosferdə işçilər liderin ideallarını və məqsədlərini bölüşürlər.
Özünütəqdimat bacarığı
Başqalarının sizi danışmağa başlamazdan əvvəl qiymətləndirməsi məhz xarici görünüşə önəm verilməsidir. Mütəxəssislər aşağıdakıları təklif edirlər:
Duyğularınızı daha aydın ifadə edin
Gülümsəyin. Təbəssüm nikbinliyi və xeyirxahlığı simvolizə edir, bunun sayəsində həmsöhbətinizin rəğbətini qazanacaqsınız.
Özünüzə arxayın pozada dayanın. Gerçək gücü göstərmək üçün "böyük qorilla" və ya “kral pozası” faydalı ola bilər. Birincisi boks döyüşündən ilham alır: bütün əlçatan boşluqları doldurmağa çalışmaq lazımdır. İkincisi lazımsız jestlərə, “hə-hə” demələrə və ya həyəcanlara dözməyən özünüidarəni və təvazökarlığı əks etdirir. Özünəarxayın poza beyin və bədənin təması səbəbindən daxili əhval-ruhiyyəyə də təsir edir.
Bu üsullar süni görünə bilər, lakin insan beynində onları işlədən əsas qüsuru xatırlamaq vacibdir: ağıl çox vaxt faktı uydurmadan ayıra bilmir. Heç qorxu filminə baxarkən ürək döyüntülərinin artdığını hiss etmisiniz? Axı bu sadəcə bir filmdir və sizi heç bir şey təhdid etmir. Ancaq prosesə qarışırsan, inanmağa başlayırsan və orqanizm buna cavab olaraq adrenalin istehsal edir. Bu effektdən istifadə etməklə xarizmanın müəyyən təzahürlərini təsvir və başqalarını onlara inanmağa məcbur etmək olar. İngilis deyimində deyildiyi kimi, "gerçəkləşənə qədər saxtalaşdırın". Stiv Cobs məhz bundan başlamışdı.
Başqaları ilə əlaqə qurun
Diqqətli dinləyici olun. Başqalarının dediklərinə diqqət yetirmək və əlavə suallar vermək öz danışdıqlarınızdan daha vacibdir. Bill Klinton siyasi karyerasında bu texnikadan uğurla istifadə edib.
Həmsöhbətizi "əks etdirin". Bu strategiya “güzgü” adlanır: digər insanın davranışını və jestlərini yüngülcə təqlid etmək onları avtomatik olaraq sizə bağlayır. 1999-cu ildə Nyu-York universitetinin tədqiqatçıları insanların bir-birlərinin davranışlarını şüursuz olaraq təqlid etdikdə meydana çıxan "xameleon effekti"ni sənədləşdirdilər. Bu yamsılama rəğbət yaranmasına kömək edir.
Danışıq qabiliyyətiniz üzərində işləyin. Xarizmatik insanlar sakit, ehtiraslı, fasilələrlə, lakin dinləyicilərinin diqqətini cəlb etmək üçün yetərincə templi danışırlar. Natiqlik bacarığınızı səsinizi maqnitofonda yazmaqla, güzgü qarşısında məşq etməklə, qarşınızda tamaşaçı təsəvvür etməklə inkişaf etdirə bilərsiniz. Xarizmanın inkişaf etdirilməsi yollarını araşdıran Lozanna Universitetinin professoru Con Antonakis qeyd edir ki, şəxsi hekayələr, metaforalar və müqayisələr nitqi daha canlı, danışanı isə dinləyicilərin gözündə daha cazibədar edir.
Daxili və ya zehni üsullardan istifadə edin. Oliviya Foks Kabein təqdimatlardan və vacib görüşlərdən əvvəl özünüzü necə aparacağınızı təsəvvür etməyi məsləhət görür. Gülümsəməkdən əl sıxışmağa qədər hər şeyi təsəvvür etməyə dəyər. Həqiqi görüş zamanı bu, tanış situasiya effekti və özünəinam yaradacaq.
Kabein qeyd edir ki, elmi araşdırmalar subuta yetirib: beyni nə qədər çox istifadə ediriksə, sinir əlaqələri bir o qədər aktivləşir və bir o qədər güclü olur. Beləliklə, arzu olunanın vizuallaşdırılması beyni sanki öz nailiyyəti üzərində işləməyə məcbur edir.
Motivasiya və əhval-ruhiyyə üzərində işləyin. İnsan başqalarına enerji verə və ardınca aparmağa ruhlandıra bilər, bir şərtlə ki, özü də hər hansı işə və ya ideyaya can yandırsın.
Xarizmanı inkişaf etdirən kitablar
Daniel Kolemanın ilk dəfə 1995-ci ildə nəşr olunan “Emosional intellekt. Niyə o, IQ-dan daha vacib ola bilər” kitabı dünya miqyasında bestseller oldu və 40 dilə tərcümə edildi. Müəllif “adi” intellektin “emosional” intellektdən nə ilə fərqləndiyini və nə üçün birincinin işdə və şəxsi münasibətlərdə uğur əldə etməkdə ikincidən geri qaldığından bəhs edir. Kitab emosional impulsları idarə etməyi, əlaqələr qurmağı, hətta ətrafdakı insanların hisslərini öyrənmək istəyənlər üçün faydalıdır.
Deyl Karneginin “Dostlar qazanmaq və insanlara necə təsir etmək olar” kitabı isə biznes ədəbiyyatının klassik örnəyinə çevrilərək və bir neçə onilliklər ərzində öz aktuallığını itirməyib. Karnegi həmsöhbətə gülümsəməyi, onun maraqlarına diqqət yetirməyi, diqqətlə qulaq asmağı, səmimi olmağı və tənqiddən qaçmağı məsləhət görür.
Oliviya Foks Kabeinin “Xarizma. Necə təsir etmək, inandırmaq və ruhlanbdırmaq olar” kitabı xarizmanın tanrı vergisi olması mifini təkzib edir. Kabein sübut edir ki, xarizma hər kəsin mənimsəyə biləcəyi bacarıqdır və onu necə öyrənmək barədə praktiki məsləhətlər verir.







Vaxtında, Aydın, Lazımlı!


