Birinci Türkoloji Qurultay: Hansı qərarlar qəbul edilmişdi? │ TARİXİ ARAŞDIRMA

      Birinci Türkoloji Qurultay:    Hansı qərarlar qəbul edilmişdi?    │ TARİXİ ARAŞDIRMA
  16 Avqust 2026    Oxunub:181
Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasının müdiri
Xüsusi olaraq AzVision.az üçün

Yazının əvvəlini oxumaq üçün:

Yazının əvvəlini oxumaq üçün:
1-ci hissə
2-ci hissə
3-cü hissə
4-cü hissə
5-ci hissə


Qurultayın qətnamələri

“Kommunist” qəzeti, 10 mart 1926-cı il, №59

Qurultayın yeni türk əlifbası haqqındakı qərarı

1) Qurultay yeni Türk (Latın) əlifbasının ərəb əlifbası və islah edilmiş ərəb əlifbası üzərindəki faikiyetni (üstünlüyünü), texniki üstünlüyü və ərəb əlifbasına görə malik olduğu son dərəcə böyük mədəni və tarixi əhəmiyyətini qeyd edərək, yeni türk əlifbasının tətbiqini və onun ayrı-ayrı türk-tatar cümhuriyyət və oblastlarında tətbiq edilməsi üsulunu hər bir cümhuriyyət və hər bir xalqın öz işi hesab edir.

2) Bununla əlaqədar olaraq, Qurultay yeni əlifbanın Azərbaycan və Şuralar İttifaqının digər əyalət və cümhuriyyətlərində (Yakutstan, Qırğızıstan, İnquşustan, Qaraçay-Çərkəs, Kabardin, Balqar, Osetiya, Çeçen) Türk - latın əlifbasının tətbiq edilməsini və Başqırdıstan, Türkmənistan, Özbəkistan və Adıgey-Çerka əyalətlərində də tətbiq edilməsi lehində geniş hərəkət əmələ gəldiyi kimi, qayət böyük və müsbət əhəmiyyəti olan bir faktı (həqiqəti) dəxi qeyd edir.

3) Qurultay yeni Türk (Latın) əlifbasını tətbiq etmək işində yuxarıda göstərilən əyalət və cümhuriyyətlər tərəfindən biçilmiş olan müsbət fəaliyyəti qeyd və hərarətli bir surətdə təbrik edərək, Azərbaycan və Şuralar İttifaqının digər əyalət cümhuriyyətlərinin bu təcrübəsini öyrənməyi və bu islahatı özlərində dəxi keçirməyi bütün türk-tatar və digər xalqlara da tövsiyə edir.

Türk dillərinin tədqiqi və türk dillərinin başqa dillər ilə rabitəsi haqqındakı məruzələr üzərinə çıxarılmış qərar

Qurultay ədəbi və canlı türk dillərini və ləhcələrini öyrənmək haqqındakı məruzələri dinlədikdən sonra bu sahədə ən yaxın gələcək üçün aşağıdakı məsələləri növbəti hesab edir:

1) Dil məsələsinə aid materialları toplayaraq və nəşr etmək vasitəsilə ayrı-ayrı dillər, ləhcələr və sairlərin dərindən və müfəssəl surətdə tədqiqini və ayrı-ayrı əməli lüğətlər və sərf-nəhvlərin düzəldilməsini.
2) Müqayisəli tarixi sərf-nəhv və müqayisəli etimoloji lüğət yazmaq, türk dilləri və ləhcələrinin təsnifi üçün ibtidai hazırlıq yapmasını.
3) Türkolojiyə aid biblioqrafiya düzəldilməsini.
4) Yafəsi nəzəriyyəsinin müvəffəqiyyətlərini nəzərə almaq surətilə türk dilləri ilə başqa altay və uqru (uqor)-fin dilləri arasındakı əlaqələrin tədqiqinə davam edilməsini.
5) Türkoloji işlərinin müştərək əmək əsası və müəyyən plan üzərə beynəlxalq miqyasda təşkilini və nəşriyyat işlərinin təmin edilməsini.

Ana dilinin tədrisi üsulları haqqında qərar

1) Türk xalqlarında ana dilinin müvəffəqiyyətli bir surətdə tədris edilməsi ayrı-ayrı dillər və onların ləhcələrini ciddi surətdə tədqiq etməksizin, o məqamlar lisaniyyətə aid mühumatə malilk olmaqsızın mümkün deyildir.
2) Savad öyrənməkdə tam kamil üsulunun (Amerika üsulu) tarixi əhaliyə malik olan diyar üçün xüsusi böyük əhəmiyyəti vardır.
3) Səs üsulu fonetik imlasinə malik olan dillərdə müvəffəqiyyətlə tətbiq edilir.
4) Savad ögrənmək işlərinin (müntəsirinin) tətbiq etdiyi səs üsulu üzərə aparılması tövsiyə olunur.
5) Təmiz bir surətdə mexaniki olaraq baxıb yazmaq üsulu yazı öyrənmək üçün fəna bir vasitədir. Yaxşı nəticə əldə etmək üçün yazı ilə bərabər, şagirdlərin diqqətini dilin zahiri surətləri üzərində də cəm etməli və yazı ilə əlaqədar olan lazımi səs məsələlərini həll etmək və dili təhlil etmək lazımdır.
6) Danışmaq ögrənmək üçün dəxi eyni üsullar, yəni dili təhlil etmək və onun ayrı-ayrı ünsürlərinin əhəmiyyətini aramaq üsulu tətbiq edilməlidir.
7) Bir çox şagirdlərin təbii olaraq iki dil bilmələri böylə məsələlər üçün əlverişli şəraitdir. Şagirdlərin həm mədəni inkişafı, həm də əməli məqsədlər zehni üslubi öyrənmək üçün dəxi bu üsuldan istifadə edilməli və inkişaf etdirilməlidir.
8) Sərf tədris edirkən onların əhəmiyyətini aramaq faktlarını nəzərə almalıdır. Fəqət, unutmamalıdır ki, dilin ifadə vasitəsi yalnız kəlmə surətləri deyil, bəlkə kəlmələrin mütabiqət (uyğunluq) surətləri və qeyri-nəhv vasitələri də vardır. Hər halda, heç bir zaman dildə nə morfoloji, nə də nəhv cəhətdən ifadə edilməyən kateqoriyalar aramaq lazım deyildir.
9) Elmi sərf-nəhvin ikinci dərəcəli məktəblərdə müstəqil bir dərs olaraq oxudulması arzu olunur.
10) Birinci dərəcəli məktəbdə türk xalqlarının dil ədəbiyyatının tədrisi ən birinci material olmalıdır.
11) Ədəbiyyat ikinci dərəcəli məktəbdə ictimaiyyət ilə əlaqədar və imdiki ədəbiyyata artıq əhəmiyyət vermək həm epizodik, həm tarixi-ədəbi planları üzərə tədqiq edilməlidir. Tarix ədəbiyyat kitablarında başqa türk xalqlarının ədəbiyyatı haqqındakı materiallar da daxil edilməlidir. Ona görə lazımi qiraət kitabları nəşr edilməlidir.
L. Şturb

Etnoqrafi komisyonunun qətnaməsi

1) Komisyon türk xalqlarının qəbilə cəhətdən mükəmməl bir surətdə siyahıya alınmasına böyük əhəmiyyət verərək, Qurultay adından Moskvadakı Mərkəzi Statistik adresinə böylə bir müraciətdə bulunmağı təklif edyor ki, bu il bütün Şuralar İttifaqındakı əhali hesaba alınırkən, məhəlli təşkilatları işə cəlb etmək vasitəsi ilə əhalinin qəbilə cəhətdən düzgün surətdə hesaba alınmasına xüsusi diqqət və əhəmiyyət verilsin.

2) Yaxınlarda çağırılacaq Türkoloji Qurultayına qədər, ən yeni və son məlumata istinadən gərək bütün türk xalqlarının və gərək ayrı - ayrı cümhuriyyət və oblastlarının mükəmməl milli xəritələrinin hazırlanmasını Qurultay son dərəcə arzu ediyor.

3) Qurultay ictimai hifz - səhiyyə məsələlərini və bəzi xırda xalqların yavaş-yavaş və başqa millətlər ilə qarışıb məhv olmaq üzərə bulunduğunu nəzərə alaraq, mümkün olan qədər bütün cümhuriyyət və oblastlarda ibtidai tədqiqat aparmaq şərtilə, İkinci Qurultayda səhiyyə və antropoloji mahiyyətinə malik olan məsələlərin müzakirə edilməsi lüzumunu təsdiq ediyor.

4) Komisyon türk xalqlarının yaşayışını tədqiq etmək üçün aparılan işlərin mənzum və bir-birinə uyğun bir surətdə təşkilini lazım biliyor. Tədqiqat yapıldıqda ilk növbədə, ovçuluq, maldarlıq ( xüsusilə, oturaq həyatına keçdikdə) əkinçilik, topraqdan istifadə və ev istehsalı kimi təsərrüfat tərzləri ögrənilməlidir. Göstərilən mədəniyyət ünsürlərini ogrəndikdə, öyrənilən halların nəinki dəyər cəhətinə, heyəti miqdar cəhətinə də diqqət yetirməli və bunların intişar hüdudları mütləq müəyyən edilməlidir. Misal, yaşayış ünsürlərinin intişar olunmasına dair lazımi xəritə ( tərtib edilməlidir).

5) Komisyon türk xalqlarının məişətini öyrənmək üçün gələcək Türkoloji Qurultayının müəyyən etməsiylə türk mərkəzlərinin birində türk mədəniyyətinə dair mərkəzi mövzəxanasının təşkili əhəmiyyətini qeyd edərək, bu fikrin müvəffəqiyyəti üçün məhəlli cühuriyyət və oblastlar mərkəzlərində kiçik şöbələrin müntəzəm və qüvvətli bir surətdə inkişaf etməsini lazımi şərtlərdən hesab ediyor. Komisyon, türk cümhuriyyət və oblastlarında mövzəxana quruluşuna böyük əhəmiyyət veriyor və mərkəzi mövzexanananın gərək təcrübə və gərək texniki cəhətdən məhəlli mövzexanalara yardımda bulunacağına əmindir.

6) Komisyon gələcək Qurultayın tədqiqat işlərinin lazımi vasitə ilə təmin edilməsini lazım və zəruri hesab ediyor. Bu tədqiqat imdiki Qurultayın göstərişi üzərə yapılacaqdır.

7) Komisyon geniş kütlələrin öz məişətini öyrənmək işinə cəlb edilməsinin əhəmiyyətini qeyd edərək, ilk növbədə müəllimlər və ictimai - maarif komaların-dan istifadə edilməsini lazım biliyor.

Ona görə lazımi məktəblərin dərs planına etnoqrafi dərsi əlavə edilməlidir. Bu isə gələcəkdə məktəbdə xalq məişəti haqqında dərs verilməsinə imkan verəcəkdir ki, bu da imdiki quruluşumuzda pək mühüm rol oynayur.

8) Komisyon türk xalqları arasında lazımi miqdarda etnoqraf və antropoloji mütəxəssislərinin olmadığını qeyd edərək, Şuralar İttifaqları ali məktəblərində türk gəncləri üçün lazımi qədər yer təmin edilməsini və onlardan xarici ölkələrə göndərilməsini lazım biliyor.

9) Komisyon antropoloji və xalq məişət müəssisələrinin elmi və elmi əhəmiyyətini qeyd edərək, gələcək Qurultayı dəvət edəcək təşkllat komisyonundan bu məsələlərin əvvəlcədən tərtib edilib mövqe müzakirəyə qoyulmasını rica ediyor.

Komisyon sədri: Rodozqu
Katib: Çursin




Ölkəşünaslıq haqqındakı məruzəyə aid arzular

1) Komisyon ölkəşünaslığın ən geniş və etibarlı mədəni bir əsas olmaq etibarilə, türkoloji işləri üçün böyük bir əhəmiyyətə malik olduğunu etiraf və təsdiq ediyor.

2) Qurultay türkolojinin müvəffəqiyyətləri ilə əlaqədar olan bütün cümhuriyyətlərin Xalq Maarif Komissarlıqlarından fəni (elmi) ölkəşünaslığın düzgün və maddi bir əsas üzərə qurulması üçün Maarif Komissarlıqlarının büdcələrində müəyyən bir məbləğ ayırılması lüzumunə cəlb ediyor.

3) Qurultay təsdiq ediyor ki, ölkəşünaslıq təşkilatının əsası aşağı ölkəşünaslıq özəklərindən ibarətdir. Bundan başqa cümhuriyyətlərdə və vilayətlərdə mərkəzi bürolar təşkil etmək lazımdır.

4) Qurultay, bütün ölkəşünaslıq təşkilatları yanında ölkəşünaslıq üçün lazımi cədvəllər düzəlməsini lazım görüyor.

Türk dilləri imlası (orfoqrafiya) haqqında qərar

Birinci Ümumittifaq Türkoloji Qurultayı türk dilləri üçün imla məsələsi üzərə aşağıdakı qərara gəliyor:
1. İmla üçün bu saat mədəni dillərdə mövcud olan dörd əsas prinsipdən türk dili üçün ən uyğunu başlıca olaraq fonetik prinsipdir. Fəqət, bu prinsip bu ya başqa bir tərzdə morfoloji üsuluna uyğun bir tərzdə tətbiq edilməlidir.
2. Morfoloji prinsipin həyata keçirilməsi, ədəbi ənənələrin müxtəlif olmasından asılıdır. Bundan başqa dilin ləhcə cəhətcə ayrılmasına dəxi fikir verilməlidir. Morfoloji prinsip həyata keçirilirkən, ayrı - ayrı hallarda bu prinsipin ayrı-ayrı ləhcələrin imla üzərində nə dərəcədə birləşməsini təmin edə bilməsini də nəzərə alaraq, imlanı ayrı dildə danışanlar üçün əsas almaq lazımdır.
3. İmla üçün fəqət, bu ya başqa dildə danışanların hamısı üçün aydın olan bir etimoloji götürülə bilir. Etimoloji prinsipi tarix prinsipi ilə qarışdırılmamalıdır. Və bu sonuncudan çəkinmək lazımdır.
4. Türk dillərinə girmiş olan bütün ərəb və başqa xarici kəlmələrin eşidildigi kibi fonetik üsuli üzərə yazılmış prinsip ən lazımlıdır, zira bu surətlə xalq kütlələri tez bir zamanda savadlı ola bilir. Əgər bundan bir çətinlik çıxa bilərsə, o da ərəbcə bilən ziyalılar üçün olacaqdır.
5. Fonetik yazı üsulu, sözlərin söylənməsi əsası üzərə qurulmuşdur. Bunun üçün canlı türk dilləri üzərində müşahidə yaparaq, hecalarının növünü bilməlidir. Bu sözlər içərisində səsli və səssiz hərflərin olmasını və bu hərflərin əvvəl, orta və ya axırda yazılmasını bəlli etməlidir.
6. Türk-tatar dillərindəki üç əlifbadan, ərəb əlifbası bu dillərdən heç birinin fonetik şəraitinə qətiyya uymayur. İslah edilmiş ərəb əlifbası, tədricən düzəlmiş və nizama salınmış imla üçün hənüz əsas təşkil edə bilməyor. Azərbaycan və başqa müstəqil cümhuriyyətlərdə qəbul edilmiş olan latın əlifbası isə, fonetik üsuluna uyğun olaraq, müntəzəm bir imla düzəltmək üçün pək gözəl bir zəmin təşkil ediyor.
7. Qurultay hər bir ədəbi dil üçün ümumi bir imla forması saxlanmasını məsləhət görərək, bəzi türk ləhcələrində olan təfriq və “millətçilik ”i rədd ediyor.
8. Türk dilləri yazısı üçün düzgün fonetik qaydalar tərtib etmək məqsədilə, türk-tatar dillərinin imla lüğəti düzəldilməlidir.
9. Qurultay latın hürufatı əsası üzrə türk-tatar dillərinin bütün səslərini ifadə edə biləcək vahid fonetik və elmi imla düzəltmək məsələsinin lazımi elmi müəssisələr tərəfindən tədqiqini arzu ediyor.

Komisyon sədri: E. Əliyev

Təşkilat Komisyonunun qərarı

Birinci - Məhəllələrdə Türkoloji Komitələri təşkil edilməlidir.
İkinci - Bu Komitələrin vəzifəsi bundan ibarət olacaqdır:
a) Türkolojiyə aid olan bütün materialları toplamaq və nəşr edilmişləri hesaba almaq
b) Bütün məhəlli türk əl yazılarını toplamaq və hesaba almaq
ç) Məhəlli şivə ləhcələri tədqiq etmək.
Üçüncü - Lazımi cümhuriyyətlərinin xalq komisarları məhəlli komitələrin işləri üçün lazımi vəsait ayırmalıdırlar.
Dördüncü - Bütün məhəlli türkoloji komitələri bir biri ilə daimi rabitədə bulunmalı və öz materialları və işlərini mübadilə etməlidirlər.
Beşinci - Türkolojinin inkişafı və mütəqabil ayrı-ayrı məhəllələrin bir-birinə yardımı üçün üç ayda bir dəfə çıxan məcmuə vücudə gətirməli, bu məcmuədəki materiallar şuralar ittifaqında yaşayan bütün türk xalqlarının dillərində və başqa dillərdə dərc edilməlidir.
İlk vaxtlarda bu nəşriyyat işi heç olmasa Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti nəzdində aparılmalıdır.
Altıncı - Şuralar İttifaqının elmi müəssisələri tərəfindən tərtib edilən elmi heyətlərdə türk xalqlarından yetişən elmi işçilərin dəxi və fəal bir surətdə iştirak etmələri üçün çalışmaq lazımdır.
Yeddinci - Radlovun lüğətini təzədən, yeni əlavələrlə nəşr etmək haqqında Şuralar İttifaqı Akademiyası, Türkiyə Maarif Komissarlığı və Berlin Akademiyası tərəfindən çıxarılan qərarları Qurultay təbrik ediyor və böyük elmi təşəbbüsə geniş kömək verməgi lazım biliyor.
Səkkizinci - Qurultayda oxunan bütün məruzələr, oxunduqları dildə və rusca tərcümələrilə çap edilməlidir. Qurultay bu protokolların xülasəsinin fransızca nəşrini dəxi arzu ediyor.
Bu protokolları nəşr etmək üçün Azərbaycan Tətqiq və Tətəbbö Cəmiyyəti nəzdində professor Çobanzadə, Zeyfeld və Cəbiyev yoldaşlardan ibarət bir komisyon təşkil olunuyor.
Doqquzuncu - Professor Çobanzadənin Qurultay proqramının on dördüncü maddəsinə dair olan məruzəsi - Qurultayda oxunmadığına baxmayaraq, nəşr olunnan protokollar siyahısına daxil edilməlidir.
Onuncu - İkinci Türkoloji Qurultayının yeni ildən gec olmayaraq, Səmərqənddə çağırılması arzu olunuyor.

Türk dilində elmi istilahlar sistemi məsələsi haqqında

Birinci - Xalis türk kəlmələrindən elmi istilahlar qəbul edildikdə başqa qrup üzvlərilə rabitəyi kəsməmək üçün, hər dilin müəyyən qrupa mənsub olduğu nəzərə alınmalıdır.
İkinci - İstilah üçün əsas olaraq son dərəcə intişar tapmış və həmən fikri lazımınca ifadə edən kəlmələr qəbul edilməlidir.
Üçüncü - bu qrupda münasib kəlmə tapılmadığı təqdirdə, türk dilinə münasib olmayan kəlmələrdən artıq başqa türk qruplarındakı kəlmələrə tərcih edilməlidir.
Dördüncü - Geniş kütlənin işlətdiyi ərəb - fars istliahlarını türk kəlmələri ilə əvəz etmək mümkün olmadığı təqdirdə, türk sərfnin qaydalarına tabe etmək şərtilə saxlamalıdır.

Beşinci - Bundan sonra türk dilləri üçün ərəb-fars kəlmələrindən qəbul edilməməlidir. Ərəb və fars istilahlarından qətiyyən vaz keçilməlidir. Yeni istilah qəbul edildikdə ümumavropa təmayilü nəzərdə tutulmalıdır.
Altıncı - Avropa kəlmələrini qəbul etdikdə onların kökü qəbul olunmalı və türk tələffüzünə uyğunlaşdırılmalıdır, əgər qeyri türk dillərindən qəbul olunan kəlmələrin heca və səsləri dəgişdirilərək türk tələffüzünə uyğunlaşdırılmış isə, o halda bu kəlmələr qəbul edildigi və ögrənildigi şəkildə qalıyor.
Yeddinci - Bundan sonra kəlmələrin kökü ilə əlaqədar olaraq, əmələ gələcək etimoloji sözləri türk dilinin qanunlarına tabe edilməlidir.
Səkkizinci - Məktəb ədəbiyyatı üçün lazımi istlahları tərtib etdikdə, pedaqoji mülahizələri nəzərə alaraq, mümkün olan qədər aşağıdakı qaydayə rəayət edilməlidir.
Birinci dərəcəli məktəblər üçün məhəlli cümhuriyyət şurasına, ikinci dərəcəli məktəblər üçün (əlavə istilahlar üçün) qruplar şurasına, ali məktəblər üçün (əlavə istilahlar üçün) umumi avropa istilahlarına təmayül göstərilməlidir.
Birinci dərəcəli məktəblərə yaxınlaşdıqca, xarici dillərdən alınan istilahların miqdarı azalmalıdır.
Doqquzuncu - Geniş kütlə dilində tərtib olunmuş elmi dil üçün lazımi hüdüd müəyyən edildikdə, istilahlar öylə intizamə salınmalıdır ki, xalqın aşağı və yuxarı təbəqələri üçün ayrı-ayrı dil ortaya çıxmasın.
Hər kəsin anlaya bilməsi üçün və söz təşkili qanunlarını nəzərə alaraq, yeni mənalar üçün yeni türk kəlməsi kökündən yeni anlayışlı mürəkkəb kəlmələrin təşkilinə dəxi başlanılmalıdır.
Onuncu - Bir çox mənaya malik olan kəlmələri düzgünləşdirmək məqsədilə bir fikir son dərəcə düzgün və ruhunə yaxın olan yerlərdə işlətməlidir.
On birinci - İstilahlar tərtib edildikdə süni ixtisar olunmuş kəlmələrdən vaz keçmək lazımdır. Bu kəlmələr kütlə tərəfindən düşünüləmiyor və onların fikirlərini qarışdırıyor.
On ikinci - Hər bir cühuriyyətdə daimi istilah komisyonları çalışmalıdır; bunlar bir-birlərinin təcrübələrindən xəbərdar olmalıdırlar. Bu məqsəd ilə bir komisyonun təşəbbüsü ilə ara - sıra müşavirələr çağırılmalı və əldə edilən müvəffəqiyyətlərə yekun vurulmalıdır.
On üçüncü - Ayrı-ayrı cümhuriyyətlərin gələcək işlərini asanlaşdırmaq üçün, ümumi türk fənni istlahlar lüğəti tərtib edilməsi lazım hesab ediliyor.

* * *
Beləliklə, əziz oxucum, Azərbaycan və onun xalqının dilçilik tarixi adına vacib hesab edilən daha bir mövzunun araşdırması sona çatdı.
100 il bundan əvvəl Azərbaycandan bütün dünyaya bir səda yayılmışdı - mədəniyyətin, maarifçiliyin və elmin qalibiyyət sədası.
Bu həm də bütün türk - müsəlman dünyasını birliyə, qardaşlığa, özünütəsdiqə səsləyən bir çağırış idi. Amma bu çağırışın zirvəsində dayanan bir haray da vardı - Azərbaycan türkləri həmin tarixi hadisədə öz evindən dünya türklərini bir kökdən, bir soydan götürdükləri bir dildə harayladı: bundan sonra bütün türklər milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumaqla, eyni dildə və eyni yazı ilə dərdlərini, sərlərini bir-birinə anlatmalı, bir-birinə və həm də öz milli kimliklərinə bir yerdə sahib çıxmalı idilər.
Tarix göstərir ki, türklər bu yola çoxdan çıxmışdılar, bu gün bəlkə də onun zirvəsinə yetişməyin ən vacib mərhələsindəyik, amma gələcək qələbəmiz heç şübhəsiz, Böyük Türk Oğlunun əlindədir. Unutmamalı olduğumuz isə dədələrimizin yaddaş səhifəsindən süzülən “Türkün türkdən başqa dostu yoxdur” ifadəsidir.
Türklüyün şanını özünə qaytarmaq ümidilə!
“Birinci Türkoloji Qurultay” 100 yaşın mübarək”!




Teqlər:



Xəbər lenti