Nəqliyyat: Azərbaycanın sülh günədliyinin vacib elementi
Vaşinqton sammitində Azərbaycanın hələ 44 günlük Vətən Müharibəsinin yekunlarına əsaslanan Zəngəzur Dəhlizi layihəsi “Trump Route for International Peace and Prosperity” (TRIPP) marşrutu kimi təsdiqləndi. Sözügedən layihənin əsas qayəsi materik Azərbaycanı onun tərkib hissəsi olan Naxçıvanla birləşdirməkdir və Ermənistan bununla bağlı öhdəlik götürüb. Lakin bu yolun açılması barədə İrəvandan hələlik vədlər bəyanatlar səsləndirildiyi halda, ərazilərimizin işğalı dövründən bəri Ermənistana qarşı mövcud olan bütün məhdudiyyətləri Azərbaycan artıq birtərəfli qaydada aradan qaldırıb.
Bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata birgə açıqlaması zamanı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bundan əlavə, Azərbaycan öz ərazisindən keçməklə Rusiyadan Ermənistana yüklərin daşınmasına icazə verib.
Azərbaycan Prezidenti İlham Əliyevin “tarixi qərar qəbul etdiyini” vurğulayan Ermənistanın Baş naziri Nikol Paşinyan ona öz təşəkkürünü bildirib. Yeri gəlmişkən, demək olar ki, bütün beynəlxalq və regional qurumlar, habelə ABŞ prezidenti Donald Tramp daxil olmaqla, dünyanın aparıcı dövlətlərinin liderləri Azərbaycan Prezidentinin bu humanist jestini alqışlayıblar.
Əslində rəsmi Bakı bu addımı kimlərinsə təşəkkürü və alqışları naminə yox, bölgədə davamlı sülhün və hərtərəfli əməkdaşlığın yeganə təminatçısı kimi həyata keçirir. Prezident İlham Əliyev bununla İrəvanın təcavüzkar siyasətdən əl çəkməsindən və postmünaqişə dövründə kosntruktiv mövqe sərgiləməsindən sonra Ermənistana qarşı nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılacağı barədə verilən bəyanatların gəlişi gözəl sözlər yox, Azərbaycanın humanist siyasətinə söykənən strategiya olduğunu sübuta yetirdi.
TRIPP layihəsinin reallaşdırılmasında Azərbaycanın ilk addımı atması xüsusi diqqətə layiqdir. Çünki, məntiqlə bu kontekstdə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsininin nəhayət ki, bərpa edilməsi üçün ilk təşəbbüs məhz Ermənistandan gəlməli idi. Lakin bu məsələdə də qabaqlayıcı gediş edən Azərbaycan Prezidenti İlham Əliyev İrəvanın “çək-çevir” siyasətini pat vəziyyətinə saldı.
Çünki bu, özlüyündə Ermənistanın ənənəvi “vaxt udmaq” siyasətinin islahına hesablanmış çox önəmli gedişdir. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əsas moderator rolunu oynayan ABŞ prezidenti Donald Tramp, sözsüz ki, İrəvanın “süründürməçilik” taktikası ilə barışmaq istəməyəcək və onun da nəqliyyat marşrutlarının açılmasında adekvat addımlar atması tələbini qoyacaq. Əks halda, Ermənistan hakimiyyəti güclü Əliyev-Tramp tandeminin təzyiqi ilə üzləşəcək.
Sülh gündəliyi və hərbi xərclərin azaldılması zərurəti
Lakin Azərbaycanın sülh gündəliyi yalnız nəqliyyat kommunikasiyalarının açılmasını yox, həm də Cənubi Qafqazda yeni müharibə təhlükəsinin və revanşizm meyllərinin qarşısının alınmasını nəzərdə tutur ki, bu da region ölkələrinin silahlanmasına sərf olunan hərbi xərcləri azaltmadan mümkün deyil.
Hələ Prezident İlham Əliyevin Qazaxıstanda Ermənistana qarşı nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılmasını bəyan etməsindən bir neçə gün əvvəl Azərbaycanın Maliyyə Nazirliyi qarşıdan gələn 5 ildə ölkədə müdafiə xərclərinin tədricən ixtisar olunacağını açıqlayıb.
Nazirliyin məlumatına görə, qeyd olunan müddətdə müdafiə xərcləri 8,6% azaldılması və 2030-cu ildə orduya 4,7 milyard dollar xərclənməsi nəzərdə tutulur. Plana əsasən, 2026-cı ildə müdafiə xərcləri təqribən 5,12 milyard dollar olacaq ki, bu da ölkənin ümumi büdcə xərclərinin təxminən 21%-ni təşkil edəcək. Üç ildən sonra isə hərbi xərclərin büdcənin 18,4%-nə bərabər olacağı gözlənilir.
Sözsüz ki, ərazi bütövlüyümüz tam bərpa olunana qədər müdafiə xərclərimizin artıtılması qaçılmaz reallıq idi. Lakin Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi konfiqurasiya və təhlükəsizlik təminatları gücləndikcə hərbi xərclərin azaldılması, qənaət edilən vəsaitlərin isə sosial sahəyə yönəldilməsi zərurəti meydana çıxır.
Bununla belə, hərbi xərclərimizin azaldılması planları həmçinin Azərbaycanın sülh gündəliyinin şərtləndirdiyi amildir. Bu addım İrəvanın, ilk növbədə isə, Cənubi Qafqazda yeni müharibə alovunu qızışdırmaq üçün ciddi-cəhdlə Ermənistanı silahalandıran kənar aktorların Azərbaycanın sülh gündəliyinə təşviq olunması məqsədini daşıyır.
Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın ölkəmizdəki yeni səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən, Bakı ilə Paris arasında bütün anlaşılmazlıqların arxada qaldığını vurğulaması məhz bu siyasətin təzahürüdür.
Avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə isə, Azərbaycanın sülh gündəliyinə birmənalı dəstək mahiyyəti daşıyır. Çünki dünyada mövcud münaqişlərin həll etmək istədiyini dəfələrlə vurğulayan və əksər hallarda bu müstəvidə artıq müəyyən uğurlar qazanan Amerika lideri Donald Trampın Cənubi Qafqazla bağlı mövqeyi onun da bölgədə davamlı sülhün yaradılmasında maraqlı olduğunu təsdiqləyir. Bunun əsas və ilkin şərti isə məhz hərbi xərclərin tədricən azaldılmasıdır ki, bu məsələdə də Azərbaycanın sülh gündəliyinin hamıya nümunə rolunu oynayacağı heç bir şübhə doğurmur.
Sahil İsgəndərov, politoloq
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


