"AmCham"ın rəhbərliyi seçilib

"AmCham"ın rəhbərliyi seçilib
  02 İyul 2026    Oxunub:263
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentinin seçildiyini məmnunluqla elan edir.
Müvafiq olaraq, cənab Oskar Boqopolskiy AmCham Azərbaycanın birinci vitse-prezidenti, cənab Niyazi Əmirbəyov isə Palatanın vitse-prezidenti vəzifələrinə seçilib.

Oskar Boqopolskiy hazırda McDonald's Azərbaycan şirkətinin baş icraçı direktorudur (CEO). O, 2014-cü ildən etibarən həmin şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışaraq maliyyə meneceri, baş maliyyə direktoru (CFO), daha sonra isə baş icraçı direktor vəzifəsinə yüksəlmişdir. Onun rəhbərliyi dövründə şirkət dayanıqlı inkişaf və əməliyyat səmərəliliyi istiqamətində mühüm nəticələr əldə edib. Son iki il ərzində AmCham Azərbaycanın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərən Oskar Boqopolskiy Palatanın strateji təşəbbüslərinin həyata keçirilməsinə, biznes ictimaiyyəti ilə dövlət arasında əməkdaşlığın gücləndirilməsinə və ölkədə biznes mühitinin inkişafına fəal töhfə verib.
Niyazi Əmirbəyov Azərbaycanın ən böyük şaquli inteqrasiya olunmuş aqrar-ərzaq şirkəti olan AgroDairy-nin baş icraçı direktorudur (CEO). Aqrar-ərzaq və enerji sektorlarında 20 ildən artıq rəhbərlik təcrübəsinə malik olan Niyazi Əmirbəyov strateji inkişaf, institusional transformasiya, korporativ idarəetmə və əməliyyat effektivliyi sahələrində zəngin təcrübəyə sahibdir. O, eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasının üzvü və ADA Universitetində liderlik üzrə dəvətli müəllimdir. Bundan əvvəl bp şirkətində Azərbaycan, Gürcüstan və Türkiyə üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Yeni rəhbər vəzifələrində cənab Boqopolskiy və cənab Əmirbəyov Palatanın strateji prioritetlərinin həyata keçirilməsi, üzv şirkətlərlə əməkdaşlığın daha da gücləndirilməsi, dövlət və özəl sektor arasında konstruktiv dialoqun inkişaf etdirilməsi, eləcə də Azərbaycanda şəffaf, rəqabətqabiliyyətli və dayanıqlı biznes mühitinin təşviqinə yönəlmiş missiyasının icrasına töhfə vermək məqsədilə Prezident və İdarə Heyəti ilə sıx əməkdaşlıq edəcəklər.

AmCham Azərbaycan cənab Oskar Boqopolskiyi və cənab Niyazi Əmirbəyovu yeni vəzifələrə təyin olunmaları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara yeni vəzifələrində uğurlar və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır. Palata onların peşəkar təcrübəsinin, liderlik keyfiyyətlərinin və strateji baxışının AmCham Azərbaycanın institusional inkişafına, üzvləri üçün yaratdığı dəyərin daha da artırılmasına və ölkənin biznes mühitinin inkişafına mühüm töhfə verəcəyinə inanır.

AmCham Azərbaycan haqqında
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın davamlı iqtisadi inkişafına və əlverişli investisiya mühitinin formalaşmasına töhfə verir.




Teqlər: AmCham  



Xəbər lenti