"Peşə deyil, həyat tərzidir" - İmtahanda uğur qazanan müəllim

"Peşə deyil, həyat tərzidir" -    İmtahanda uğur qazanan müəllim
  01 İyul 2026    Oxunub:185
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlərdən biri də filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Əhmədovadır. O, Bakı şəhəri 281 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Test imtahanında 53 bal toplayıb.
Ülviyyə Əhmədova "Azərtac"a bildirib ki, əldə etdiyi nəticə onun zəhmətinin təsdiqidir: “Bu nəticə mənim üçün bir növ özümü yenidən təsdiqləmək oldu. İlk hiss etdiyim isə rahatlıq idi. Çünki uzun illərin zəhmətinin doğru istiqamətdə olduğunu görmək müəllim üçün böyük mənəvi dəstəkdir”.

Şagirdlərinə öyrənməyin heç vaxt gec olmadığını söylədiyini bildirən müsahibimiz deyib: “Sertifikatlaşdırma mənə bunu sözlə deyil, davranışımla göstərmək imkanı verdi. Müəllim də öyrənir, hazırlaşır və sınaqdan keçir. Məncə, bu, şagirdlər üçün ən dəyərli dərslərdən biridir”.

Hazırlıq prosesindən danışan müəllim xüsusi proqram tətbiq etmədiyini söyləyib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarına hazırlaşan namizədlərlə işlədiyi üçün dərs dediyi mövzuları onlarla birlikdə daha dərindən təhlil edib, biliklərini təkmilləşdirib.

Ülviyyə Əhmədovanın sözlərinə görə, uğur qazanmasında peşəsinə bağlılığı və akademik hazırlığı mühüm rol oynayıb.

“Bu sahə mənim üçün sadəcə peşə deyil, həyat tərzidir. Məhz buna görə dil və ədəbiyyat sahəsində biliklərimi daim yeniləməyə çalışıram”, - deyə müəllim bildirib.

İmtahan prosesi ilə bağlı təəssüratlarını bölüşən Ülviyyə Əhmədova deyib: “İmtahan ciddi və düşündürücü idi. Təşkilati baxımdan bütün zəruri şərait yaradılmışdı. Sualların bir hissəsi asan, digər hissəsi isə daha dərin düşünmə tələb edirdi. Hesab edirəm ki, belə imtahanlar müəllimi öz biliyini obyektiv qiymətləndirməyə yönəldir”.

Ülviyyə Əhmədova qeyd edib ki, müəllim illərlə işlədikcə bəzən onda hər şeyi kifayət qədər bildiyi fikri formalaşa bilər: “Sertifikatlaşdırma isə bu düşüncəni sınaqdan keçirir, boşluqları görməyə və sistemli şəkildə inkişaf etməyə imkan yaradır. Bu proses müəllimi yenidən tələbəyə çevirir ki, bu da peşəkar inkişaf baxımından olduqca qiymətlidir”.

Gələcək planlarından danışan müəllim bildirib ki, əsas məqsədi tədrisin keyfiyyətini daha da yüksəltmək, şagirdlərdə yaradıcı yazı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir. O, eyni zamanda, elmi fəaliyyətini davam etdirməyi və yeni əsərlər üzərində çalışmağı qarşısına məqsəd qoyduğunu bildirib.


Teqlər: Təhsil   Müəllim  



Xəbər lenti