Yaradıcılıq fəaliyyətinin dövlət maliyyələşdirməsi mexanizmi təkmilləşdirilir

Yaradıcılıq fəaliyyətinin dövlət  maliyyələşdirməsi mexanizmi təkmilləşdirilir
  01 İyul 2026    Oxunub:167
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 iyun tarixli 204 nömrəli Qərarı ilə “Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiq olunub.
Bu barədə AzVision.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində verdiyi tapşırıqların icrası baxımından əhəmiyyətli addımdır.

Qərarın əsas məqsədi mədəniyyət sahəsində layihələrin dövlət tərəfindən qrant əsasında maliyyələşdirilməsi mexanizmini təkmilləşdirmək, daha geniş iştirakçılıq imkanları yaratmaq və sahədə şəffaf, rəqabətli mühitin formalaşdırılmasını təmin etməkdir.

Mövcud hüquqi tənzimləmə çərçivəsində mədəniyyət sahəsində dövlət maliyyələşdirilməsi əsasən qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi tədbirləri əhatə edirdi. Yeni qaydalar isə mədəniyyət layihələrinin qrant maliyyələşdirilməsi prosesində iştirakçı dairəsinin genişləndirilməsinə və müxtəlif subyektlərin (hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər) bu imkanlardan yararlanmasına imkan verəcək.

Bu qaydaların tətbiqi ilə yaradıcı təşəbbüslərin çevik maliyyələşdirilməsinə nail olunacaq, ölkə daxilində bu istiqamətdə layihələr daha da genişlənəcək.
Qrant maliyyələşdirilməsi eyni zamanda mədəniyyət xidmətlərinin keyfiyyətinin artırılmasına, mədəni və yaradıcı sənayelərin inkişafına yönəlmiş innovativ fəaliyyətlərin, bu sahədə tədqiqatların stimullaşdırılmasına, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişafına, həmçinin mədəni maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsinə xidmət edəcək. Mədəniyyət sahəsində bu yanaşmanın tətbiqi dövlət dəstəyinin daha səmərəli təşkilinə, layihələrin qiymətləndirilməsi zamanı şəffaflığın artırılmasına və yaradıcı təşəbbüslərin dəstəklənməsinə əlavə stimul olacaq.

Yeni qaydaların tətbiqi həmçinin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında mədəniyyət və yaradıcı sənayelərin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə, ümumiyyətlə, ölkəmizdə mədəniyyət ekosisteminin tərəqqisinə, yaradıcı potensialın təşviqinə və mədəniyyət sahəsində innovativ layihələrin reallaşmasına mühüm töhfə verəcək.


Teqlər:



Xəbər lenti