NATO-nin Ankara samiti: Əsas mövzular nədir
Müzakirələr zamanı Çinin texnoloji inkişafına xüsusi diqqət yetiriləcək. Alyans kritik kommunikasiya sistemlərinin qorunması, məlumat təhlükəsizliyinin gücləndirilməsi və strateji texnologiyaların idxaldan asılılığının azaldılması istiqamətində birgə layihələr hazırlayır.
Tədbirdə süni intellekt əsaslı müdafiə sistemlərinin inkişafı, kibertəhlükəsizlik, müdafiə sənayesində texnoloji əməkdaşlıq, eləcə də üzv ölkələrin rəqəmsal infrastrukturunun dayanıqlığının artırılması məsələlərinin müzakirə olunacağı gözlənilir.
Gündəlikdə, həmçinin Ukrayna-Rusiya müharibəsi, İran ətrafında vəziyyət, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də yer alacaq.
Bildirilir ki, tədbir çərçivəsində NATO ölkələri arasında silah istehsalı və tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş ayrıca müdafiə sənayesi forumu keçiriləcək.
- NATO-nun bu sammiti ABŞ-dən həddindən artıq asılı olduğumuz əvvəlki tədbirdən fərqlidir, - deyə NATO-nun Baş katibi Mark Rutte bildirib,-Ankarada keçiriləcək NATO sammiti təminat və icra zirvəsi olacaq. Hərbi xərclər, Ukraynaya dəstək və müdafiə sənayesi istehsalı Alyansın əsas prioritetləridir.
Rutte müttəfiqlərin ötən il Haaqa şəhərində keçirilən NATO Zirvə Toplantısında, xüsusən də müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin diqqət mərkəzində olacağının gözlənildiyini bildirib. O, Avropa müttəfiqlərinin və Kanadanın müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığını və son iki ildə təxminən 250 milyard dollar əlavə vəsait ayrıldığını qeyd edib.
Rutte, həmçinin NATO-nun Ukraynaya dəstəyini davam etdirməli olduğunu və Alyansda müdafiə sənayesi istehsalının artırılmasının vacibliyini diqqətə çatdırıb: “Müdafiə sənayesi istehsalını həqiqətən artırmalıyıq, çünki bu, bizim çəkindirmə mexanizmimizin ayrılmaz hissəsidir. Təəssüf ki, istehsal müddətləri çox uzun olaraq qalır və irəliləyişlərə baxmayaraq, məhsuldarlıq kifayət qədər deyil”.
Türkiyənin rolunu vurğulayan Rutte, bu ölkənin təxminən 3 min şirkət ilə əsas müdafiə sənayesi mərkəzinə çevrildiyini bildirib. O, genişlənən müdafiə sənayesi bazasına və artan texnoloji imkanlarına istinad edərək əlavə edib ki, Türkiyə Alyans üçün vacib ölkədir.
Rutte hər üç prioritet üzrə irəliləyiş əldə edildiyini deyib, lakin sammit zamanı bunlardan birinin dominant məsələ kimi ortaya çıxa biləcəyini bildirib: “Ümumiyyətlə, işlər yaxşılaşır, amma düşünürəm ki, bu üç prioritetdən biri ən mühüm olacaq. Sammitin açılışı günündə NATO Müdafiə Sənayesi Forumunda bu məsələnin əsas diqqət mərkəzində olacağı gözlənilir”.







Vaxtında, Aydın, Lazımlı!


