Yolboyu yaranan bu ecazkar mənzərə həm yerli sakinlərin, həm də bölgədən keçən qonaqların böyük marağına səbəb olur. Sürücü və sərnişinlər avtomobillərini saxlayaraq təbiətin bu gözəlliyini seyr edir, həmin anları telefonlarının yaddaşına köçürərək unudulmaz xatirəyə çevirirlər.
Bakı–Şamaxı–Yevlax magistralının İsmayıllıdan keçən hissəsində açan lalələr sosial şəbəkələrdə də böyük trendə çevrilib. Bu gözəllik əraziyə xüsusi turların təşkil olunmasına zəmin yaradıb. Əsasən paytaxt sakinləri həftəsonlarını təbiət qoynunda keçirmək və yazın rənglərini yaxından görmək üçün bu turlara böyük maraq göstərirlər.
Təbiətin yaratdığı bu gözəllik insanlara xoş ovqat bəxş etsə də, fermerlər əkin sahələrinin qorunmasının vacibliyini xatırladırlar. Şəkil çəkdirmək istəyən bəzi şəxslər taxıl sahələrinin içinə daxil olur, nəticədə yaşıl zəmilər tapdalanır və məhsula ciddi ziyan vurulur. Təbiətin gözəlliyindən zövq almaqla yanaşı, kənd təsərrüfatında çəkilən əməyə hörmətlə yanaşmaq və ekoloji tarazlığı qorumaq vacibdir. Əkin sahələrinə zərər vermədən və yol kənarında təhlükəsizlik qaydalarına tam əməl etməklə bu mənzərələrin dadını çıxarmaq mümkündür.
Bu rəngarəng görüntü həm bölgəyə gələn turistlərə unudulmaz anlar yaşadır, həm də Azərbaycan təbiətinin zəngin potensialını bir daha göz önünə sərir.







Vaxtında, Aydın, Lazımlı!


