Azərbaycan UNESCO-da mədəni irs öhdəliyini təsdiqləyib

Azərbaycan UNESCO-da mədəni irs öhdəliyini təsdiqləyib
  20 İyul 2026    Oxunub:667
Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsinin Cənubi Koreyanın Busan şəhərində keçirilən 48-ci sessiyasında mədəni və təbii irsin qorunmasına sadiqliyini bir daha bəyan edib.
Bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Azərbaycan Dünya İrs Komitəsinin 48-ci sessiyasında UNESCO yanında Daimi Nümayəndəlik, Azərbaycanın UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunur.

Sessiyanın ümumi müzakirələri zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını təqdim edib.

Daimi nümayəndə UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyasında ölkəmizin mədəni irsin qorunması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Bəyanatda bildirilib ki, yaxın zamanda qəbul edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəni irsin idarə olunması sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi, onların hüquqi müdafiəsinin gücləndirilməsi və tarixi abidələrin bərpası istiqamətində uzunmüddətli strateji çərçivə yaradır.

Çıxışda həmçinin mina təhlükəsinin davam etdiyi ərazilərdə mövcud çətinliklərə baxmayaraq, mədəni irs obyektlərinin inventarlaşdırılması və sənədləşdirilməsi işlərinin davam etdirildiyi qeyd olunub.

Azərbaycanın daimi nümayəndəsi vurğulayıb ki, mədəni irsin qorunması istiqamətində görülən işlərin nəticələrindən biri kimi “Xınalıq xalqının mədəni landşaftı və Köç Yolu transhumans marşrutu” Dünya İrsi ərazisinin tərkib hissəsi olan Xınalıq kəndi 2025-ci ildə BMT Turizm Təşkilatı tərəfindən “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu tanınma mədəni irsin qorunması ilə yerli icmaların və davamlı turizmin inkişafı arasındakı əlaqəni nümayiş etdirir.

Bəyanatda 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi də diqqətə çatdırılıb. Bildirilib ki, Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda təqdim olunan SECURE (Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsü mədəni irsin qorunması, dayanıqlı inkişaf və bərpa proseslərinə mühüm töhfə verə bilər.

Qeyd olunub ki, Dünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində iyulun 23-də SECURE təşəbbüsünə həsr olunmuş xüsusi tədbir keçiriləcək.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin Afrika dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bildirib. O, Azərbaycanın Dünya İrsi üzrə Afrika Strategiyasının və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) üzrə Dünya İrs Strategiyasının həyata keçirilməsinə dəstək verəcəyini açıqlayıb.

Çıxışda həmçinin Azərbaycanın hazırladığı “Azərbaycan–SIDS Dünya İrsi Potensialının Gücləndirilməsi Proqramı” barədə məlumat təqdim olunub. Bildirilib ki, proqramın məqsədi kiçik ada dövlətlərində dünya irsi sistemlərinin institusional imkanlarını artırmaq, ekspert hazırlığını dəstəkləmək və gələcək nominasiya proseslərinə yardım göstərməkdir.

Çıxışının sonunda Elman Abdullayev Azərbaycanın Dünya İrs Komitəsinin üzvü kimi bütün tərəfdaş dövlətlər, UNESCO-nun Dünya İrs Mərkəzi və məsləhətçi qurumlarla sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, Azərbaycanın Konvensiyanın məqsədlərinin həyata keçirilməsinə və daha balanslı, inklüziv və səmərəli dünya irsi sisteminin inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.

AzVision.az




Teqlər:






Xəbər lenti