İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  27 May 2026    Oxunub:2008
Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Çox hörmətli cənab Prezident.

Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu bayram Azərbaycanın suverenliyinin, milli ləyaqətinin və ardıcıl inkişafının rəmzidir. Ölkəniz Sizin rəhbərliyinizlə beynəlxalq arenada mövqelərini inamla möhkəmləndirir, sabitlik, iqtisadi artım, eləcə də millətlərarası və dinlərarası həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Azərbaycanda formalaşmış qarşılıqlı hörmət və tolerantlıq mühitini, həmçinin yəhudi irsinin qorunmasına və ölkədəki yəhudi icmasının inkişafına göstərilən xüsusi diqqəti yüksək qiymətləndiririk. Bu ənənələr xalqlar arasında dinc birgəyaşayışın və qarşılıqlı anlaşmanın mühüm nümunəsidir.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".
xxx

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim. Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Qoy, xalqınız həmişə sülh və firavanlıq içində yaşasın".
xxx

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etməkdən dərin məmnunluq duyuram. Sizə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına daim tərəqqi və firavanlıq arzu edirəm.

Bu əlamətdar gün Azərbaycan xalqının şanlı tarixinin, güclü iradəsinin və müstəqilliyə olan sarsılmaz inamının rəmzidir. Bu gün Azərbaycanın müstəqilliyi Sizin rəhbərliyinizlə daha da möhkəmlənib. Azərbaycan hazırda beynəlxalq arenada öz sözünü demiş bir dövlət kimi layiqli yerini tutur.

Təşəbbüsünüzlə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının birliyini, ortaq mədəni irsimizin qorunmasını və gələcək nəsillərə ötürülməsini qürurla həyata keçirir. Azərbaycan bu böyük Türk ailəsinin iftixar qaynağı, mədəniyyəti, dili və tarixi ilə Türk dünyasının möhkəm sütunlarından biridir. Zati-aliniz tərəfindən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, dilinin, mədəni irsinin qorunması sahəsində görülən işlər Türk dünyasının tərəqqisinə əvəzsiz töhfədir.

Bu münasibətlə xüsusilə qeyd etmək istərdim ki, 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınız son dərəcə tarixi əhəmiyyət daşıyır. Həmin Sərəncam türk xalqlarının intellektual birliyinin, ortaq elminin, mədəniyyətinin və dilinin dərin köklərini dünyaya bir daha nümayiş etdirən mühüm siyasi iradənin ifadəsidir. Fond olaraq biz də bu tarixi hadisənin layiqincə qeyd edilməsi üçün öz töhfəmizi verməyə hazırıq və bu istiqamətdə müvafiq işlər aparırıq.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə də ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, bütün dualarınızın və qurbanlarınızın qəbul olunmasını arzulayıram".
xxx

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu tarixi gün Azərbaycan xalqının müstəqillik və suveren inkişafla bağlı sarsılmaz iradəsinin rəmzinə çevrilib.

Bu gün Azərbaycan dinamik tərəqqi yolunda inamla irəliləyir, iqtisadi, sosial sahələrdə böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu möhkəmləndirir.

Əminəm ki, Sizin ali dövləti vəzifənizdə fəaliyyətiniz Azərbaycan Respublikasının daha da inkişafına və Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxplanlı səmərəli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
xxx

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident.

bp şirkəti adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda dünya miqyaslı enerji layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu layihələrin uğurlu icrasında Sizin davamlı dəstəyiniz, həmçinin SOCAR və Azərbaycan Hökuməti ilə qurulmuş etibarlı və strateji tərəfdaşlıq münasibətləri mühüm rol oynayır.

Biz SOCAR ilə uzunmüddətli tərəfdaşlığımızın qarşıdakı onilliklər ərzində daha da genişlənərək həm Xəzər regionunda, həm də onun hüdudlarından kənarda yeni əməkdaşlıq imkanları yaradacağına əminik.

bp olaraq, Azərbaycanın enerji təhlükəsizliyinə, dayanıqlı inkişafına və regional əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhfə vermək öhdəliyimizə sadiq qalırıq.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".
xxx

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Sizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq dialoqa, çoxtərəfli əməkdaşlığa və qlobal əlaqələrə mühüm töhfə verərək öz rolunu gücləndirməkdə davam edir. Ölkənin sürətli inkişafı və artan beynəlxalq mövqeyi xalqınız üçün qürur mənbəyidir və eyni zamanda dünyanın hər yerində Azərbaycanın dostlarını sevindirir.

Həmçinin Sizi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda uğurlu təşkili münasibətilə təbrik edirik. Bu Forum bir daha Azərbaycanın dövrümüzün ən aktual problemlərinin həllinə həsr olunmuş qlobal toplantılara ev sahibliyi etmək qabiliyyətini nümayiş etdirdi.

Bu ilin mart ayında keçirilən XIII Qlobal Bakı Forumunda Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini qlobal problemlərin həllində fəal iştirak etməyə çağırmışdınız. Buna uyğun olaraq Mərkəz Ümumdünya Şəhərsalma Forumunun

13-cü Sessiyası zamanı müzakirələrdə 15-dən çox üzvünün fəal iştirakı ilə Foruma töhfə verməkdən şərəf duyur.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə davamlı dəstəyinizə və artan qlobal qeyri-müəyyənlik dövründə dialoqun və beynəlxalq əməkdaşlığın təşviqinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Zati-aliləri, ən yüksək ehtiramımızı və Azərbaycan Respublikasına, onun xalqına davamlı sülh, firavanlıq və uğurlar arzularımızı qəbul etməyinizi xahiş edirik".
xxx

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Sizi Türk Dünyası Mediatorlar Birliyi adından 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu bayramlar Azərbaycan xalqının müstəqillik iradəsini, həmrəyliyini və milli-mənəvi dəyərlərə sadiqliyini bir daha aydın şəkildə nümayiş etdirir.

Siz hər zaman dünyada sülhün, əməkdaşlığın və inkişafın tərəfdarı olmusunuz, bəşəriyyətin rifahına töhfələr vermisiniz. Sizin rəhbərliyinizlə Azərbaycan yalnız türk dünyasının deyil, həm də beynəlxalq ictimaiyyətin inkişafına yönələn nümunəvi təşəbbüslərin mərkəzinə çevrilmişdir.
Türk dünyasının bir ailə kimi birləşməsində Sizin rolunuz danılmazdır. Azərbaycan bu gün Sizin rəhbərliyinizlə türk dünyasının “şah damarı” və körpüsü kimi qəbul olunur.

Türk dövlətlərinə səfərlərimiz zamanı Sizə göstərilən sevgi və hörmət bizə böyük qürur verir. Hər kəs Sizi türk dünyasının zəfər lideri və qüruru kimi qəbul edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, eyni zamanda digər Türk dövlətlərinin başçıları ilə səmimi dostluğunuz və əməkdaşlığınız təkcə Türk dünyasında deyil, beynəlxalq miqyasda da nümunəvi qardaşlıq və dostluq modeli kimi dəyərləndirilir.

Azərbaycan Respublikasının Mediasiya Şurasının da qurucu üzvlərindən olduğu Türk Dünyası Mediatorlar Birliyi ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xüsusi önəm verir. Sizin Türk dövlətləri ilə bağlı siyasətiniz bizim üçün strateji xəttin əsasını təşkil edir və biz gördüyümüz işlərdə bu siyasətə layiq olmağa çalışırıq.

Eyni zamanda qürur hissi ilə qeyd edirəm ki, türkdilli dövlətlərin də qoşulduğu BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasının Sizin 2026-cı il 23 fevral tarixli Sərəncamınızla Azərbaycan Respublikası adından imzalanması dünya mediasiya institutunun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. Türk dünyasının mediatorlar ailəsi bir-biri ilə daha səmərəli əməkdaşlıq edərək bizə göstərdiyiniz etimadı doğruldacaqlar.

Azərbaycan artıq qlobal miqyasda əsas söz sahiblərindən birinə çevrilmişdir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, sülh və əməkdaşlıq ideyalarının təşviqinə böyük töhfə vermişdir. Bu tədbir həm də Türk dünyası brendini dünyada tanıtmaq üçün möhtəşəm bir vəsilə olmuşdur.

Sizin Ali Baş Komandanlığınızla işğaldan azad olunmuş Qarabağda aparılan abadlıq və quruculuq işləri bütün dünyaya Azərbaycanın inkişaf modelini nümayiş etdirir. Bu modelin mərkəzində Azərbaycan vətəndaşının rifahı və hüquqlarının qorunması dayanır.

Cənab Prezident, Sizinlə qürur duyuruq. Səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqına davamlı firavanlıq və tərəqqi arzulayıram".
xxx

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Möhtərəm cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Zati-alinizə və bütün xalqımıza 28 May - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük şərəf və məmnunluq duyuruq.

Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biridir və onun azadlıq, istiqlaliyyət arzularının həyata keçdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü müqəddəs Qurban bayramı ilə eyni vaxta təsadüf edir və bu, milli azadlıq ideallarının şəfqət, xeyirxahlıq, həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini əyani şəkildə təcəssüm etdirir, eyni zamanda xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin milli-mənəvi dəyərlərinə möhkəm bağlılığını göstərir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan beynəlxalq miqyasda böyük nüfuz qazanmış və söz sahibinə çevrilmişdir. Bu gün ölkəmiz dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır, müstəqil siyasət həyata keçirir, sülhə, sabitliyə, əməkdaşlığa mühüm töhfələr verir.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm zəfərlər xalqımızla yanaşı, xaricdə yaşayan bütün azərbaycanlılar tərəfindən də böyük qürurla, sevinclə və minnətdarlıqla qarşılanır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".
xxx

Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun həmsədrləri Jandilda Jakupov və Gülsina Kojoyarova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

"Hörmətli cənab Prezident.

Sizi Mərkəzi Asiya Mediatorlar Konsorsiumu adından 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar bayram xalqınızın müstəqillik əzmini, milli birliyini və mənəvi dəyərlərə bağlılığını aydın şəkildə təcəssüm etdirir.

Türk dövlətlərinin liderləri ilə səmimi dostluğunuz bizim fəaliyyətimizə birbaşa müsbət təsir göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov ilə dostluq və qardaşlıq əlaqələriniz ölkələrimizin peşəkar birlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsində və inkişaf etdirilməsində mühüm rol oynayır.

Sizin rəhbərliyinizlə Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təbliğatçısına çevrilib. Türk dünyasının birliyinin və beynəlxalq səviyyədə etimadın gücləndirilməsi üzrə səyləriniz bütün dövlətlər üçün nümunədir.

Sizin tərəfinizdən imzalanmış “Mediasiya haqqında” Qanun əsasında yaradılan Azərbaycan Respublikasının Mediasiya Şurası ilə həm Türk Dünyası Mediatorlar Birliyi, həm də Mərkəzi Asiya Mediatorlar Konsorsiumu çərçivəsində səmərəli əməkdaşlıq edirik. Ölkələrimiz arasında qarşılıqlı səfərlər və təcrübə mübadiləsi əldə edilən nailiyyətlərin miqyasını bir daha təsdiqləyir.

Azərbaycana bütün səfərlərimiz zamanı Türk dünyasının görkəmli xadimi, Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını xüsusi ehtiramla ziyarət edir və onun böyük işlərini həmişə minnətdarlıqla xatırlayırıq. Sizə və Azərbaycana olan hörmətimiz sonsuzdur. 2026-cı ilin aprelində Azərbaycanın BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasına qoşulmasını məmnunluq hissi ilə qeyd edirik. Bu, Sizin qlobal mediasiya institutunun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. İnanırıq ki, Türk dünyasının mediatorlar ailələri onlara göstərilən etimadı doğruldaraq daha səmərəli əməkdaşlıq edəcəklər.

Qürur hissi ilə bildiririk ki, Ümumdünya Şəhərsalma Forumunun
Bakıda keçirilən 13-cü Sessiyası Sizin rəhbərliyinizlə Azərbaycanın ən əhəmiyyətli qlobal təşəbbüslərindən biri kimi tarixə düşdü. Bu sessiya həm Azərbaycanın beynəlxalq mövqeyinin bundan sonra da möhkəmləndirilməsi, həm də Türk dünyası brendinin qlobal miqyasda təşviqi baxımından mühüm hadisəyə çevrildi.

Bu gün azad edilmiş Qarabağda aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın inkişaf modelini bütün dünyaya nümayiş etdirir. Bu modelin mərkəzində vətəndaşların rifahı, onların hüquqlarının qorunması və davamlı inkişaf dayanır.

Cənab Prezident, Zati-alinizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı firavanlıq və tərəqqi arzulayırıq".
xxx

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Möhtərəm cənab Prezident.

Sizi 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və
ən xoş arzularımı bildirirəm.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti ötən 35 il ərzində çətin və şərəfli yol keçmişdir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizin həyatında böyük dəyişikliklər baş verdi, sabitlik yarandı, iqtisadiyyat inkişaf etməyə başladı, müasir ordu quruldu, dünyanın aparıcı şirkətləri ilə enerji sahəsində çox mühüm layihələr həyata keçirildi və Azərbaycan bölgədə lider dövlətə çevrildi.

Siz Ulu Öndər Heydər Əliyevin ideyalarına yeni nəfəs gətirdiniz, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız uzaqgörən siyasətiniz sayəsində azad edildi. Bu gün Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin ardıcıl siyasətiniz nəticəsində minlərlə soydaşımız doğma yurdlarına qayıdır.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti,
ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
xxx

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayram Azərbaycan Respublikasının suverenliyini, dövlətçiliyini möhkəmləndirmək, davamlı inkişafını sürətləndirmək, vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq istiqamətində görülən mühüm işləri təcəssüm etdirir.

Qoy, bu bayram respublika vətəndaşlarının qəlbini ölkələrinə görə qürur, onun daha xoşbəxt gələcəyinə inam və qazanılan uğurlarla bağlı tükənməz sevinc hissi ilə doldursun!

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram".
xxx

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Bu bayram xalqın azadlıq iradəsini və müstəqil inkişaf əzmini təcəssüm etdirir. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlət suverenliyini, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək, iqtisadi inkişafını sürətləndirmək yolunda inamla irəliləməkdə davam edir. Əminik ki, uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində Azərbaycan Respublikası gələcəkdə daha da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq".
xxx

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramin Həsən Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Möhtərəm cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi bildirməkdən böyük şərəf və məmnunluq duyuram.

Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biri kimi onun azadlıq və istiqlaliyyət arzularının gerçəkləşdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü ilə müqəddəs Qurban bayramının eyni vaxta təsadüf etməsi milli azadlıq ideallarının türk xalqlarının daim uca tutduğu xeyirxahlıq, mərhəmət, birlik və həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini parlaq şəkildə təcəssüm etdirərək, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin mənəvi irsinə sarsılmaz bağlılığını göstərir.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın fəal mövqeyi türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsinə, qardaşlıq ruhunun möhkəmlənməsinə qiymətli və ardıcıl töhfələr verir. Azərbaycan dövlətinin Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyətinə göstərdiyi daimi diqqət və dəstəyin təşkilatımızın inkişafında, parlamentlərarası dialoq və əməkdaşlıq platforması kimi nüfuzunun artmasında xüsusi rolunu vurğulayaraq,
Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına və Türk dünyasına davamlı sülh, rifah və tərəqqi arzulayıram".
xxx

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Qardaş Azərbaycan Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.

Zati-alinizə hörmət və ehtiramımı ifadə edirəm".


Teqlər: Prezident  



Xəbər lenti