Aqil Şirinov: "Hədəfimiz milli köklərə sadiq, müasir çağırışlara açıq ailə modelini təbliğ etməkdir”
Tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Aİİ-nin rektoru Aqil Şirinov müasir dünyada ənənəvi ailə modelinin üzləşdiyi qlobal təhdidlərdən bəhs edib. O, institutun bu istiqamətdəki fəaliyyətinin strateji əhəmiyyətini vurğulayaraq bildirib:
“Bu gün dünyada ənənəvi ailə dəyərləri müəyyən dərəcədə funksionallığını itirməkdədir. Bizim əsas məqsədimiz köklərinə və milli kimliyinə sadiq qalan, lakin eyni zamanda müasir dövrün çağırışlarını və tələblərini nəzərə alan Azərbaycan ailəsi modelini cəmiyyətə təlqin etməkdir.”
Rektor qeyd edib ki, artıq iki ildir davam edən bu layihənin özünəməxsus formatı var. Belə ki, tələbələr auditoriyada müəllim rolunda çıxış edərək ailə dəyərlərini təkcə dini deyil, həm də psixoloji, sosioloji və bioloji aspektlərdən təhlil edirlər. Bu mühazirələr ölkənin tanınmış ziyalılarının və mütəxəssislərin iştirakı ilə keçirilən interaktiv diskussiyalarla müşayiət olunur.
Aqil Şirinov institutun fəaliyyət dairəsinin geniş olduğunu xatırladaraq, hazırda müəssisədə ailə mövzusu ilə yanaşı, erkən nikahların qarşısının alınması və qadın hüquqlarının qorunması istiqamətində də silsilə layihələrin icra olunduğunu diqqətə çatdırıb. O, gənclərin bu cür platformalarda aktiv iştirakının gələcəkdə daha böyük sosial layihələrin həyata keçirilməsinə zəmin yaradacağını vurğulayıb.
Qeyd edək ki, tədbir çərçivəsində tələbələrin hazırladığı təqdimatlar dinlənilib və ailə institutunun möhkəmləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
S. Həsənova
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


