Hörmüz: Blokada davam edir
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Birləşmiş Ştatların raket esminesləri də İran limanlarının blokadasına qoşulub. Blokada İran limanlarına daxil olan və çıxan bütün ölkələrin gəmilərinə tətbiq olunur.
CENTCOM-un admiralı Bred Kuperin sözlərinə görə, blokadanın tətbiqindən 36 saatdan az müddət ərzində ABŞ qüvvələri İranın bütün xarici ticarətini dayandırıb. O, İran iqtisadiyyatının təxminən 90 faizinin beynəlxalq dəniz ticarətindən asılı olduğunu xatırladıb.
İran da öz növbəsində Hörmüz boğazını bağlı saxlamağa davam edir. Hazırda boğazda gəmilərin hərəkəti məhduddur və səviyyənin yalnız 10 faizini təşkil edir.
ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitiklərinə görə, son 4 günlük dövrdə boğazdan tankerklərlə neft və neft məhsullarının nəqlinin həcmi orta hesabla sutkada təxminən 2,1 milyon barel olub.
Bank Yaxın Şərqdə xam neft istehsalındakı pozuntuların əvvəlcə gözlənildiyi qədər ciddi görünmədiyini qeyd edib. “Goldman Sachs”a görə, mart ayında Körfəzdə orta gündəlik hasilatın azaldılması təxminən 8 milyon barel təşkil edib. Bu, qismən saxlama yerlərindən istifadənin artması və tankerlərdə saxlanılan neft miqdarının artması ilə əlaqədardır.
Mütəxəssislərin fikrincə, ABŞ-nin İran limanlarını hədəf alan blokadası qalan gəmi axınlarına əlavə təzyiq göstərə bilər. Rəsmi Vaşinqton bəzi gəmilərin ilk 24 saat ərzində geri döndüyünü, İran xaricindəki limanlardan tranzitin isə davam etdiyini bildirib.
Teqlər: Hörmüz







Vaxtında, Aydın, Lazımlı!


