“Şükriyyə” tamaşası Gürcüstanda uğurla nümayiş olunub

“Şükriyyə” tamaşası Gürcüstanda uğurla nümayiş olunub
  15 Oktyabr 2025    Oxunub:1724
Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında böyük uğurla nümayiş olunub.
Milli Dram Teatrından AzVision.az -a bildirilib ki, səhnə əsərinin nümayişində Gürcüstanın mədəniyyət nazirinin müavini, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Nümayişdən sonra Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov rəhbərlik etdiyi teatr adından Ş. Rustaveli adına Milli Teatra xalça hədiyyə edib.

Teatrının bədii rəhbəri Robert Sturua tamaşadan sonra kollektivlə görüşüb, uğurlu tamaşa münasibətilə kollektivə təbriklərini çatdırıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov Azərbaycan Dövlət mükafatı laureatı, “Ad günü” filmindən tamaşaçılara yaxşı tanış olan David Uplisaşviliyə “Teatr xadimi” medalını təqdim edib. Eyni zamanda tədbir çərçivəsində Azərbaycan teatr tarixini özündə əks etdirən sərgi teatrın foyesində nümayiş edilib.

Qeyd edək ki, tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında bu ilin fevral ayının 22-də imzalanmış beynəlxalq əməkdaşlığa dair Memorandum əsasında baş tutub.

Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı ,aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Elsevər Rəhimov və Tural İbrahimov çıxış ediblər.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatı haqqındadır. Məhəbbətinin qurbanı olan Şükriyyə Stalin rejiminin repressiya qurbanı kimi Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgün cəzası çəkib.

Tamaşanın əsas hadisəsinə paralel olan süjet xətlərində Şükriyyə Axundzadə ilə bərabər digər ölkələrdən, o cümlədən Gürcüstandan sürgün olunan qadınların da taleyinə işıq salınır, insanın mənəvi təmizliyi, çətin sınaqlar qarşısında ləyaqət hissini qoruması tamaşaçılara təqdim olunur.

Xatırladaq ki, iki teatr arasında Memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.

Memoranduma əsasən, teatrlar arasında qarşılıqlı ustad dərsləri, rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlif mədəni tədbirlərin təşkili planlaşdırılıb.

Memorandumdan irəli gələn məsələlərin həlli istiqamətində ilk addım Şota Rustaveli adına Gürcüstan Milli Teatrının Bədii rəhbəri, dünya şöhrətli rejissor Robert Sturuanın bu ilin martın ayında Akademik Milli Dram Teatrında təşkil olunan ustad dərsi olub.


AzVision.az


Teqlər:



Xəbər lenti