Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş konsert keçirilib

Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş konsert keçirilib
  14 Oktyabr 2025    Oxunub:1644
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində mədəniyyət günlərinin açılışı münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub.
Konserti mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, digər rəsmilər, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, iki ölkənin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Əvvəlcə gecənin aparıcıları Azərbaycanla Türkmənistanı qədim tarix və ortaq mədəni-mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıblar. İki ölkə liderlərinin müdrik siyasəti nəticəsində qardaş respublikalar arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

Sonra səhnə qardaş ölkədən gəlmiş incəsənət nümayəndələrinin ixtiyarına verilib. Türkmənistanın tanınmış ifaçı və kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nömrələri, aşıq (baxşı) havaları ilə tamaşaçıların könlünü oxşayıblar.

Proqramda bu il 140 illiyi dövlət səviyyəsində qeyd olunan, bir əsrdən çoxdur əbədiyaşar əsərləri ilə Mərkəzi Asiyanın dost ölkələrində, o cümlədən Türkmənistanda geniş şöhrət qazanmış dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına da yer verilib.

Konsert qardaş xalqlarımızın birlik və bərabərliyinə sənət töhfəsi kimi qəbul olunub, alqışlarla qarşılanıb. Qeyd edək ki, maraqlı proqramı olan Türkmənistan Mədəniyyəti Günləri paytaxtımızla yanaşı, Gəncə şəhərində də davam edəcək.


AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti