Müharibə təbiətə qarışı: Ukraynada quşlar yuvalarını fiber-optik kabellərlə qururlar

Müharibə təbiətə qarışı: Ukraynada quşlar yuvalarını fiber-optik kabellərlə qururlar
  30 İyun 2027    Oxunub:57
Ukraynada cəbhə xətti yaxın ərazilərdə görünən fiber-optik kabellərdən hörülmüş quş yuvaları müharibənin təbiətə təsirinin yeni nümunəsidir.
Dörd ildən artıqdır davam edən Rusiya- Ukrayna müharibəsi yalnız insan həyatını deyil, ətraf mühiti və canlıların davranışını da dəyişib.

Təxminən 1200 kilometr uzunluğundakı cəbhə xətti boyunca həm Ukrayna, həm də Rusiya qüvvələrinin istifadə etdiyi fiber-optik dron kabelləri geniş ərazilərə yayılıb. Elektron maneələrdən yayına bilən pilotsuz uçuş aparatlarını idarəsində istifadə olunan bu nazik kabellərə hər yerdə, ağaclarda, yerlərdə və evlərin damlarında rast gəlinir.

Hərbçilər kabeldən hörülmüş iki quş yuvasını Kiyevdə yerləşən Müharibə Muzeyinə təqdim ediblər.

Yuvalardan biri muzeydə saxlanılacaq, digəri isə araşdırma məqsədilə Niderlanda göndəriləcək və sonradan Ukraynaya qaytarılacaq.

Yuvaları hansı quşun qurduğu və uzun kabelləri necə topladığı hələ məlum deyil.

Niderlandın Leiden şəhərində fəaliyyət göstərən və quş yuvalarında süni materialların istifadəsini araşdıran bioloq Auke-Florian Hiemstra bildirib ki, alimlər yuvada qalmış DNT izlərini araşdıraraq onu hansı quşun hazırladığını müəyyən etməyə çalışacaqlar.

“Mən əvvəllər belə yuvalar görməmişəm. Halbuki çox sayda quş yuvasını tədqiq etmişəm”, – bioloq deyib.

A.Hiemstra qeyd edib ki, fiber-optik kabellərin quşlara təsiri həm mənfi, həm də müsbət ola bilər. Kabellər quşlara dolaşaraq, onlara zərər də verə bilər, daha möhkəm yuva qurmağa kömək də ola bilər.

“Bu yuvanı sənədləşdirməklə biz həm də müharibənin Ukrayna təbiətinə təsirini qeydə alırıq”, – bioloq qeyd edib.


Teqlər:



Xəbər lenti