“Nəriman Nərimanov” metrosu ətrafında YENİLİK

“Nəriman Nərimanov” metrosu ətrafında    YENİLİK
  08 İyun 2026    Oxunub:243
Bakının Təbriz küçəsi müasir şəhər mobilliyinə uyğun yenilənəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətini çətinləşdirir.

Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini azaldır, nəqliyyatın və piyadaların hərəkətinə mənfi təsir göstərir. Küçədə mikromobillik vasitələrinin hərəkəti üçün infrastruktur da mövcud deyil.

Qeyd olunub ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də bir sıra çətinliklərlə üzləşir. Dayanacaq məntəqələrinin yerləşdiyi ərazilərdə səkilərin dar olması, infrastrukturun zəif təchiz edilməsi və bəzi dayanacaqların qeyri-optimal yerləşməsi mövcud vəziyyəti mürəkkəbləşdirir.

Mövcud çatışmazlıqları aradan qaldırılmaq məqsədilə Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Layihə çərçivəsində metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək.

Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidlərinin təşkili, ağaclardan ibarət bufer zolağının yaradılması və parklanma sahəsinin təşkil edilməsi hesabına ərazinin cəlbediciliyi artırılacaq.

Görüləcək işlər nəticəsində Təbriz küçəsində piyadaların təhlükəsizliyi və rahatlığı artırılacaq, ictimai nəqliyyata əlçatanlıq yaxşılaşacaq, küçə məkanı daha funksional və müasir şəhər mobilliyi prinsiplərinə uyğun şəkildə formalaşdırılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti