ABŞ-İran: Danışıqlar atəşli keçir │ VİDEO

   ABŞ-İran: Danışıqlar atəşli keçir    │ VİDEO
  08 İyul 2026    Oxunub:653
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bu gecə İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib. Rəsmi açıqlamada bu əməliyyatın "güclü zərbələr seriyası" olduğu və Tehranın Hörmüz boğazında kommersiya gəmilərinə etdiyi son hücumlarına cavab xarakteri daşıdığı bildirilir.
ABŞ tərəfi bəyan edib ki, İran son günlərdə Hörmüz boğazından keçən üç mülki gəmiyə — Marşal adaları bayraqlı "M/T Al Rekayyat", Səudiyyə Ərəbistanına məxsus "M/T Wedyan" və Liberiya bayraqlı "M/T Cyprus Prosperity" tankerlərinə hücum edib. CENTCOM bu hərəkətləri mövcud atəşkəs rejiminin və dəniz naviqasiyası azadlığının əsassız, eyni zamanda təhlükəli şəkildə pozulması kimi qiymətləndirib.

Hava zərbələri əsasən İranın hava hücumundan müdafiə (HHM) sistemlərini, sahildəki müşahidə qurğularını, raket komplekslərini və pilotsuz uçuş aparatlarının (PUA) buraxılış məntəqələrini sıradan çıxarmaq məqsədi daşıyıb. Ümumilikdə 80 strateji hədəf dəqiqliklə vurulub.

"NBC News" agentliyinə danışan amerikalı rəsminin sözlərinə görə, bu hücumlar əvvəlkilərə nisbətən daha genişmiqyaslı olub. Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiyası birgə iştirak edib.



İranın "IRIB" dövlət telekanalının yaydığı məlumata görə, güclü partlayış səsləri xüsusilə ölkənin cənubundakı mühüm liman şəhərlərində — Keşm, Sirik və Bəndər-Abbasda qeydə alınıb.

Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın gecə saatlarında reallaşdırdığı hava hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə raket və PUA-larla kütləvi zərbələr endirdiyini bəyan edib. Bölgədə gərginlik pik həddə çatıb.

SEPAH-ın rəsmi bəyanatına görə, hava və dəniz qüvvələrinin iştirakı ilə Küveytdəki "Əli əs-Salim" aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının qərargahı (Salman limanı) daxil olmaqla, ABŞ-a məxsus ümumilikdə 85 hərbi obyekt vurulub.

İran tərəfi həmçinin ABŞ-a məxsus mühüm kəşfiyyat platforması olan "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu iddia edib.

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahı Hörmüz boğazında nəzarəti tamamilə ələ aldıqlarını bəyan etdikdən dərhal sonra Bəhreyn və Küveytdə hava həyəcanı siqnalları işə düşüb. Hər iki ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri hazırda İran raketlərinin və PUA-larının qarşısını almaq üçün döyüş rejimində çalışır.

ABŞ Maliyyə Nazirliyi İranın Hörmüz boğazında üç neft tankerinə etdiyi hücumlara cavab olaraq, iyulun 7-dən etibarən İran nefti ilə əməliyyatların aparılmasına icazə verən xüsusi lisenziyanı rəsmən ləğv edib. Yeni müqavilələrin bağlanması dərhal qadağan edilib, mövcud sövdələşmələrin yekunlaşdırılması üçün isə iyulun 17-nə qədər vaxt verilib.

İran parlamentinin spikeri və Tehranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ı ikitərəfli Anlaşma Memorandumunu (MOU) dəfələrlə pozmaqda günahlandırıb. Onun sözlərinə görə, ABŞ-ın Hörmüzdəki təhlükəsizlik tədbirlərinə müdaxiləsi, İrana yönəlik daimi hərbi təhdidlər, neft sanksiyalarının bərpası, İranın cənubuna hücumlar və İsrailin Livana qarşı davam edən təcavüzünə dəstək verməsi bu razılaşmanın açıq şəkildə pozulmasıdır. Qalibaf "şantaj və təzyiq dövrünün bitdiyini" qeyd edib.

Bu arada məlum olub ki, ABŞ-nin müdafiə naziri Pit Heqset NATO-nun Ankara sammitində ABŞ Prezidenti Donald Trampı müşayiət etdikdən sonra iyulun 8-də İsrailə ilk rəsmi səfərini reallaşdıracaq. Heqsetin Tel-Əvivdə Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ilə təcili görüşü planlaşdırılır. Səfərin əsas məqsədlərindən biri Vaşinqtonun Türkiyəyə F-35 qırıcıları satmaq niyyəti ilə bağlı İsrail tərəfində yaranan ciddi narahatlıqları aradan qaldırmaqdır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   ABŞ  



Xəbər lenti