Tramp İrana qarşı müharibənin variantlarını müzakirə edib

Tramp İrana qarşı müharibənin variantlarını müzakirə edib
  20 May 2026    Oxunub:2987
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi axşam saatlarında milli təhlükəsizlik komandası ilə İrandakı vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirib.
"Axios" portalının ABŞ rəsmi mənbələrinə istinadən yaydığı məlumata görə, görüş zamanı dövlət başçısına hərbi variantlar təqdim olunub.

Ekspertlər bildirirlər ki, Tramp atəşkəs dövründə dəfələrlə təhdidlər səsləndirsə də, hələ ki, bunları reallaşdırmayıb. Lakin onun hərbi planlarla bağlı xüsusi brifinq keçirməsi Vaşinqtonun müharibə variantını masada saxladığını göstərir.

Məlumata görə, iclasda vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff, müdafiə naziri Pit Heqset, Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və MKİ direktoru Con Retkliffin iştirak ediblər.

Pərdəarxası: Fars körfəzi ölkələrinin narahatlığı

Mənbələrin məlumatına görə, Tramp pauza elan etməzdən əvvəl İrana zərbə endirmək barədə qəti qərar verməmişdi, regional liderlərin çağırışlarını dəyərləndirirdi. "Biz İrana növbəti böyük zərbəni endirməli ola bilərik. Hələ dəqiq bilmirəm. Tezliklə öyrənəcəksiniz"-,Tramp deyib.

Məlumata görə, hücum planının müvəqqəti dayandırılması qismən Fars körfəzinin bir neçə liderinin narahatlığı ilə bağlı olub. Körfəz ölkələri İranın onların neft obyektlərinə və strateji infrastrukturuna cavab zərbələri endirə biləcəyindən ehtiyat edərək, Trampı diplomatik danışıqlara daha bir şans verməyə çağırıblar.

Vaşinqtonda fikir ayrılığı və qeyri-müəyyənlik

Trampa yaxın mənbələrin sözlərinə görə, Ağ Evdəki "şahinlər" (sərt xətt tərəfdarları) prezidentin danışıqlarda Tehrana təzyiq göstərmək üçün kəskin addımlar atmaq istədiyini bildirilər. Bununla belə, bir çox ABŞ rəsmisi Trampın qəfil qərarlarından təəccübləndiklərini və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaqda çətinlik çəkdiklərini etiraf edirlər.

Tramp hazırda "ciddi danışıqların" getdiyini iddia etsə də, yüksək rütbəli rəsmilər İranın son qarşılıqlı təklifində hər hansı bir irəliləyişin qeydə alınmadığını vurğulayırlar. Vasitəçilər isə Tehranı ABŞ-nin nüvə tələblərinə cavab verən daha çevik mövqe nümayiş etdirməyə sövq etməyə çalışırlar.

M. Həsənli
AzVision.az





Teqlər:



Xəbər lenti