Yaponiya niyə Azərbaycandan neft aldı? │TƏHLİL

   Yaponiya niyə Azərbaycandan neft aldı? │TƏHLİL
  11 May 2026    Oxunub:3794
Yaponiyanın təxminən 220 günlük neft ehtiyatı ola-ola Azərbaycandan neft almasının səbəbi nədir?
İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, hazırda dünyada ən ciddi çatışmazlıq təyyarə yanacağı ilə bağlıdır. Çünki ölkələrin strateji təyyarə yanacağı ehtiyatları xam neft ehtiyatlarından dəfələrlə azdır. Bir neçə il saxlanıla bilən xam neftdən fərqli olaraq, təyyarə yanacağının saxlanılma müddəti ideal şəraitdə 6-18 ay olsa da, ölkələr 2, maksimum 3 aylıq ehtiyatlar saxlayırlar. Təyyarə yanacağı keyfiyyətini itirməyə başladıqda istifadəsi rentabelli olmur.

Rusiyanın, Venesuelanın ağır neftlərindən fərqli olaraq, Körfəz dövlətlərinin, xüsusilə Küveytin nefti təyyarə yanacağı üçün idealdır. Bu səbəbdən, Hörmüz boğazından keçən xam neftin 80%-i Çin başda olmaqla Asiya ölkələri tərəfindən idxal olunursa, təyyarə yanacağının 40%-ni Avropa alır. Buna görə də, Avropada hazırda təyyarə yanacağı ilə bağlı vəziyyət kritikdir.

Azərbaycan nefti də təyyarə yanacağı istehsalı üçün uyğundur və hazırda demək olar ki, bütün neftimiz məhz bu məqsədlərə xidmət edir. Bu səbəbdən, Yaponiya daxil olmaqla bir çox ölkələr Azərbaycan nefti üçün müraciət edirlər. Turizm mövsümünü, uçuşların artmasını nəzərə alsaq, təyyarə yanacağı ilə bağlı vəziyyətin daha da ağırlaşacağı ehtimalı yüksəkdir.

Təsəvvür edək ki, neftayırma zavodumuz təyyarə yanacağı istehsal edir. Xarici şirkətlər xam neft alışında maraqlı olduqları üçün təbii ki, bütün neftimizi emal edə bilməzdik. Amma heç olmasa bizə çatan hissənin 15-20%-nin məhz təyyarə yanacağı istehsalına yönəldilməsi ciddi dəyər artımı demək olardı.

Onu da qeyd edim ki, xam neftin özü ilə bağlı vəziyyət də ölkələr üzrə çox fərqlidir. Hindistan, Pakistan, Banqladeş, Afrika ölkələrində motosiklin yanacaq çənini tam doldurmaq artıq lüks hesab olunur. Kasıb ölkələr bahalı nefti əvvəlki həcmlərdə almaqda çətinlik çəkirlər. Onların ticarət balansları ciddi mənfi saldo formalaşdırıb. Bəzi ölkələrdə neft alışı üçün dollar qıtlığı var. Bəzi ölkələr isə (Çin, Yaponiya, Cənubi Koreya) həm 6-9 aylıq strateji xam neft ehtiyatları yığıblar, həm də indi də valyutaları, imkanları, ixracları kifayət qədər yüksək olduğu üçün enerji idxalında ciddi çətinliklərlə üzləşmirlər.

Qaz məsələsi ilə də bağlı vəziyyət oxşardır. Burada səbəb elektrik enerjisinə davamlı olaraq artan tələbdir. Avropada elektrik enerjisinin təxminən 20-22%-i istilik elektrik stansiyalarında (qazdan) əldə olunur. Bu səbəbdən Avropaya elektrik enerjisi ixracı getdikcə aktuallaşır.

Əslində müharibə bu gün tam bitsə və Hörmüz boğazı açılsa da, neft qiymətləri hələ bir müddət 80 dollar ətrafında qalacaq. Hazırda neft hasil edən ölkələrin demək olar, hamısında neft hasilatına investisiyalar qoyulur, kvotalar maksimallaşdırılır, neft çıxarılmasında sanki ciddi bir yarış başlayıb. Bunun da nəticələrini gələn il görəcəyik.


Teqlər: Neft   Böhran  



Xəbər lenti