"Azərbaycan sabit neft qiymətində maraqlıdır" - Vüqar Bayramov

"Azərbaycan sabit neft qiymətində maraqlıdır" -    Vüqar Bayramov
  18 Mart 2026    Oxunub:1943
2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 57 faizinin qeyri-neft sektorunun payına düşəcəyi, ÜDM-in 70 faizinin neft-qazdan kənar sektorlar hesabına formalaşacağı gözlənilir. Bu isə göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər kifayət qədər genişdir və mövcud imkanlar həmin məqsədlərə çatmağa şərait yaradır.
Bu sözlər deputat Vüqar Bayramova məxsusdur. O bildirib ki, neftin dünya bazarında qiymətinin artması Azərbaycana daxil olan valyutanın həcminin çoxalmasına səbəb olur. 2025-ci ildə Azərbaycanda qaz kondensatı daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu isə gündəlik təxminən 460 min barel neft hasilatı deməkdir. Kondensat hasilatı isə 111 min barel təşkil edib. Ümumilikdə ötən il gündəlik orta hesabla 571 min barel neft hasilatı qeydə alınıb. Hasil edilən neftin 23,1 milyon tonu ixrac olunub.
- Göründüyü kimi, neft Azərbaycanın ixracında əsas istiqamətlərdən biri olaraq qalır. Neftin dünya bazarında qiymətinin artması ixracın dəyərinə də təsir göstərir və ölkəyə daxil olan valyutanın həcmini artırır. Bununla belə, Azərbaycan neft bazarında daha stabil qiymətlərin formalaşmasında maraqlıdır, - Vüqar Bayramov qeyd edib.

O bildirib ki, neft gəlirlərinin artması iqtisadiyyatın şaxələndirilməsi üçün maliyyə imkanlarını da genişləndirir. Bu isə xüsusilə qeyri-neft sektoruna daha çox vəsait ayrılmasına və bu sahədə islahatların genişləndirilməsinə şərait yaradır. Bütün hallarda iqtisadiyyatın diversifikasiyası əsas prioritet olaraq qalır.


Teqlər: Neft  



Xəbər lenti