Avropa çempionatı və Dünya Kuboku kimi nüfuzlu yarışların Azərbaycan üçün yalnız idman hadisəsi deyil, eyni zamanda ölkənin qış turizmi potensialının, müasir dağ-xizək infrastrukturu imkanlarının və beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək bacarığının nümayişi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Çıxışlar zamanı bu formatlı yarışların keçirilməsinin ölkədə idman sahəsində yeni nəslin formalaşmasına, peşəkar idmançıların yetişməsinə və milli komandanın beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə mühüm stimul verəcəyi, həmçinin beynəlxalq federasiyalar və idman təşkilatları ilə əməkdaşlığın genişlənməsinə, gələcək birgə layihələrin reallaşdırılmasına geniş imkanlar yaradacağı diqqətə çatdırılıb.
Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər.
Martın 8-nə kimi davam edəcək yarışlarda U-18 və U-20 kateqoriyalarından olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər bəlli olub. U-18 kateqoriyası üzrə sprint yarışlarında kişilər arasında Fransijek Yopek (Çexiya) birinci, Matey Petre (Rumıniya) ikinci, Adam Hubaç (Slovakiya) üçüncü yeri tutub. Qadınların mübarizəsində Nuria Noqueyra (İspaniya) qızıl, Antonina Rakuş (Polşa) gümüş, Nataliya Bobrovska (Polşa) bürünc medal qazanıb.
U-20 kateqoriyasında isə kişilər arasında Aaron Alvares (İspaniya) finişə birinci, Marek Foltin (Çexiya) ikinci, Morits Bauregger (Almaniya) üçüncü çatıb. Qadınlarda Helena Öringer (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emma Albrext (Avstriya) gümüş, Klara Velepeç (Sloveniya) bürünc mükafata sahib çıxıb.
Mükafatlandırma mərasimində qaliblər medallarla təltif ediliblər.







Vaxtında, Aydın, Lazımlı!


