“Nyukasl” Bakıda rekordlarla yadda qalıb

   “Nyukasl” Bakıda rekordlarla yadda qalıb
  19 Fevral 2026    Oxunub:1161
UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Bakıda “Qarabağ”ı 6:1 hesabı ilə məğlub edən İngiltərənin “Nyukasl” komandası bir sıra rekordlara imza atıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) xəbər verir ki, İngiltərə təmsilçisi ilk dəfə ÇL-də bir oyunda 6 qol vurmağı bacarıb. Komanda həmçinin pley-offda ilk hissəni 5:0 hesabı ilə öz xeyrinə başa vuraraq, turnirin həlledici mərhələsinin rekordunu təkrarlayıb. Bu göstərici daha əvvəl yalnız 2015-ci ildə “Bavariya” – “Portu” (6:1) qarşılaşmasında qeydə alınmışdı.

“Nyukasl”ın səfərdə 7 dəqiqə 51 saniyə ərzində 2:0 hesablı üstünlük qazanması isə turnirin tarixində ikinci ən erkən göstəricidir. Burada rekord 2014-cü ildə “Borussiya Dortmund”un “Zenit”lə matçında (4:2) qeydə alınıb – 4 dəqiqə 53 saniyə.

Matçın əsas qəhrəmanı Entoni Qordon olub. O, ilk hissədə 4 qol vuraraq ÇL rekordunu təkrarlayıb. Daha əvvəl yalnız Luiz Adriano 2014-cü ildə “Şaxtyor”un heyətində BATE-yə qarşı (7:1) səfər qarşılaşmasında bir hissədə 4 qol müəllifi olmuşdu. Qordon bununla da turnirin tarixində həlledici mərhələdə bir hissədə poker edən ilk futbolçu kimi tarixə düşüb. O, həmçinin “Nyukasl” tarixində ÇL-də poker edən ilk oyunçu olub. Qordon Çempionlar Liqasında bir mövsümdə 10 qol həddinə çatan ikinci ingilis futbolçu kimi də yadda qalıb. Bu göstəriciyə daha əvvəl 2024/2025-ci illər mövsümündə 11 qolla Harri Keyn nail olmuşdu.

Qordonun ikinci və üçüncü qolları arasında cəmi 1 dəqiqə 19 saniyə fərq olub. Bu, ÇL tarixində dördüncü ən sürətli dubldur. Rekord isə 2010-cu ildə 1 dəqiqə 16 saniyə ərzində iki qol vuran Qaret Beylə məxsusdur.

“Nyukasl”ın baş məşqçisi Eddi Hau isə bir mövsümdə ÇL-də 5 qələbə qazanan ingilis məşqçilər arasında rekorda şərik çıxıb. Bu göstəriciyə daha əvvəl 2002/2003-cü illər mövsümündə Bobbi Robson (məhz “Nyukasl”la) və 2022/2023-cü illər mövsümündə Qrem Potter ( “Çelsi” ilə) çatıb.

“Sağsağanlar”, həmçinin son 30 ildə pley-off oyununda start heyətində meydana 7 ingilis futbolçu buraxan ilk İngiltərə komandası olub. Sonuncu dəfə bu hal 1997/1998-ci illər mövsümündə “Mançester Yunayted” – “Monako” qarşılaşmasında yaşanmışdı.

“Nyukasl”ın Bakıya 4 070 kilometrlik səfəri isə Çempionlar Liqasında bir İngiltərə klubunun indiyədək ən uzaq məsafəyə etdiyi səfər kimi qeydə alınıb.

Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.


Teqlər:



Xəbər lenti