"YouTube"un ilk videosu muzeydə eksponata çevrilib

 "YouTube"un ilk videosu muzeydə eksponata çevrilib
  19 Fevral 2026    Oxunub:1739
Britaniyanın paytaxtı London şəhərində fəaliyyət göstərən "Viktoriya və Albert" Muzeyi "YouTube" platformasına 2005-ci ilin 24 aprelində yüklənmiş ilk videonu satın alaraq öz kolleksiyasına salıb.
Bu barədə muzeyin saytında məlumat yayılıb. Bildirilib ki, video ilə birlikdə platformanın 2005-2006-cı ilə aid dizaynının yenidən hazırlanmış versiyası da muzeyin kolleksiyasına salınıb.

İnternet dünyasının əhəmiyyətli xatirələrindən sayılan video artıq muzeyin Cənubi Kensinqton qəsəbəsindəki "Design 1900 – Now" adlı qalereyasında sərgilənir.

Məlumat üçün bildirək ki, "Me at the zoo" ("Mən zooparkda") adlı video sözügedən tarixdə ABŞ-nin San-Dieqo şəhərinin zooparkında çəkilib. Kadrlarda "YouTube"un qurucularından biri Cavid Kərim oradakı fillər haqqında danışır. Video indiyədək 382 milyondan çox baxış və 18 milyon bəyənmə toplayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   muzey   YouTube   video   satınalma  



Xəbər lenti