- fransız memar Ogüst Perre (1874-1954) - atası Fransadan Belçikaya dövrün ictimai-siyasi şəraiti səbəbi ilə məcburən köçdüyü üçün gələcəyin memarı burada - İkseldə doğulub. O bir sıra nəfis memarlıq əsəri ilə yanaşı Parisdə ilk ar-deko üslublu tikilinin - Şanz-Elize Teatrı binasının (1913) layihə müəllifidir;

(Ogüst Perre)
(Paris şəhərində Şanz-Elize Teatrı)
- argentinalı yazıçı Xulio Kortasar (1914-1984) - atası Xulio Xose Argentinanın Belçikadakı səfirliyində işlədiyi üçün gələcəyin dünyaca məşhur yazıçısı İkseldə dünyaya göz açıb. Hərçənd elə həmin il Belçika Almaniya tərəfindən ələ keçirilir. Ailə İsveçrənin Sürix şəhərinə qaçmağa məcbur qalır. Onlar öz vətənləri Argentinaya yenidən yalnız 1919-cu ildə qayıdırlar. 1920-ci ildə isə Xulionun atası ailəni başsız qoyaraq naməlum yerə çıxıb gedir. Xulio Kortasar sonralar atasını heç vaxt görməyib. Gələcəyin ədəbiyyat nəhəngini anası yetişdirib;
(Xulio Kortasar)
- britaniyalı aktrisa Odri Hepbern (1929-1993) - onun atası almanəsilli ingilis Cozef, anası isə niderlandlı Ella idi. Cütlük 1926-cı ildə Niderlandın müstəmləkə qurduğu İndoneziyada evlənib. Tezliklə Avropaya qayıdıblar. Nəhayət, İkseldə məskən salıblar. Qızları - gələcəyin parlaq kino ulduzu Odri məhz bu qəsəbədə doğulub;
(Odri Hepbern anası Ella ilə)
(Odri Hepbern "Tiffani"də səhər yeməyi" (1961) filmində)
- belçikalı cazmen Mark Mulan (1942-2008) - o, sosioloq Leo Mulan və şairə Janin Mulanın oğludur. Mark solo yaradıcılığı ilə yanaşı "Placebo" adlı caz-rok və caz-füjn musiqi qrupunda maraqlı əsərlər meydana gətirib.
(Mark Mulan)
(Mark Mulan (soldan ikinci) musiqiçi həmkarları ilə)
Bu dörd şəxsin müştərək nöqtəsi təkcə İksel şəhərində doğulmaları deyil. Onların həyatlarındakı müəyyən tarixlər, habelə yaşadıqları başqa şəhərlər üzrə də qəribə oxşarlıqlar var. Məsələn, Ogüst Perre ilə Xulio Kortasarın təvəllüd və vəfat tarixlərinin hər biri "4" rəqəmi ilə başa çatır. Ogüst fevralın 12-də dünyaya gəlib, Xulio isə məhz həmin gündə dünyadan köçüb. İkisi də Parisdə gözlərini əbədi yumub, ikisi də bu şəhərdəki Monparnas qəbiristanlığında torpağa tapşırılıblar. Eyni zamanda, Ogüstün həyat yoldaşı Janna Kordonun öldüyü 1963-cü ildə Xulionun ən məşhur əsəri ("Xana-xana oyunu") ilk dəfə çapdan çıxıb...
Başqa oxşarlıqlar da sadalaya bilərik: Odri Hepbernin anası Ellanın vəfat tarixi (26 avqust 1984) Xulio Kortasarın həm ad günü (26 avqust), həm də vəfat ili (1984) ilə "haçalanaraq" kəsişir. Eyni zamanda, Xulio ilk uşaqlıq illərini İsveçrənin Sürix şəhərində keçirib, Odri Hepbern isə bu ölkədəki Toloşna qəsəbəsində dünyadan köçüb...
Musiqiçi Mark Mulanın ömründə isə öz həmşəhərlərinin həyatları ilə kəsişən iki tarix nəzərə çarpır: o da məhz Xulio Kortasar təki avqustda (16-sı) doğulub. Vəfat günü (26 sentyabr) də Xulionun doğum günü ilə eyni rəqəmdə qərarlaşıb. Mark Mulan cazmen idi, Xulio isə əsl caz həvəskarı idi...
Bu dörd şəxs vaxtı ikən eyni şəhərdə doğulubsa da, eyni dövrdə yaşayanlar belə, yəqin ki, bir-birini görməyib, şəxsən tanımayıblar. Hər halda, maraqlı oxşarlıqlar hesabına onları xəyalən bir yerə gətirmək, "görüşdürmək" insanın qeyri-ixtiyari xoşuna gəlir...
Firudin Həmidli
(Yazının əsas fotosunun dizaynı da müəllifə məxsusdur)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


