Çin 2027-ci ilə “süni günəş” işə salacaq

   Çin 2027-ci ilə “süni günəş” işə salacaq
  27 Oktyabr 2025    Oxunub:2381
Çin alimləri mütəxəssislərin “süni günəş” adlandırdıqları BEST (Yanan Plazma Eksperimental Superkeçirici Tokamak) adlı güclü termonüvə qurğusunun yaradılmasını 2027-ci ilə qədər başa çatdırmaq əzmindədirlər.
AzVision.az Rusiyanın “TASS” agentliyinə xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mao Nin “X” sosial şəbəkəsində belə paylaşım edib.

“Yanan plazma ilə eksperimental superkeçirici tokamakın tamamlanması 2027-ci ilə planlaşdırılır. Obyekt dünyada termonüvə sintezindən istifadə yolu ilə enerjisi istehsal edə bilən ilk qurğu ola bilər”, - çinli məmur vurğulayıb.

Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutu tərəfindən işlənib-hazırlanan layihə ölkənin şərqindəki Anhoy əyalətinin paytaxtı Hefey şəhərində yerləşir.

Yığcam termonüvə cihazı nəhəng yüksək vakuumlu termos funksiyasını yerinə yetirən “Dyuar” kolbasına əsaslanır. Cihazın çəkisi 400 tondan çox, diametri 18 metr, hündürlüyü isə 5 metrdir. Qurğu mənfi 269 dərəcə Selsi temperaturunda deyterium və tritiumun yanan plazmasını saxlayan superkeçirici maqnitlərlə təchiz olunub.

Maraqlıdır ki, Çində bir neçə layihə qeyri-rəsmi olaraq “süni günəş” adlanır. Bu, əvvəllər Eksperimental Qabaqcıl Superkeçirici Tokamaka (EAST) verilən ad idi. 2025-ci ilin əvvəlində, son təcrübə zamanı EAST yüksək temperaturlu plazmanın 1066 saniyə ərzində fasiləsiz işləməsini təmin etməklə, belə bir cihazın ən uzun işləmə müddətinə görə dünya rekordu vurub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   sünigünəş  



Xəbər lenti