Misir ehramlarının altında sirli tunellər tapılıb

   Misir ehramlarının altında sirli tunellər tapılıb
  14 Oktyabr 2025    Oxunub:3122
Müasir sensor texnologiyasından istifadə etməklə Misirin Giza yaylasının altında geniş mağaralar və tunellər şəbəkəsini müəyyənləşdirmək mümkün olub.
AzVision.az xəbər verir ki, britaniyalı misirşünas Endryu Kollinzin fikrincə, bu güclü yeraltı sistem Duat kimi tanınan axirət həyatı haqqında qədim Misir miflərinin əsasını qoyub.

“Yeraltı məkanların girişi Böyük Ehramın qərbində az tanınan məzarda yerləşir. Hələ 19-cu əsrdə bu mağaraları tədqiq edən Böyük Britaniya konsulu Henri Soltun qeydləri də bu versiyanı təsdiqləyir”, - Endryu Kollinz “Science” jurnalına açıqlamasında deyib.

Onun ehtimalına görə, ehramlar bu şəbəkə üzərində məqsədyönlü şəkildə tikilib. Belə ki, tunellər fironların ruhlarının axirətə keçməsi üçün bir növ “körpü” rolunu oynamağa hesablanıb.
Alimlər mağaraların təbii yolla, sudan əmələ gəldiyini müəyyən ediblər. Bununla belə, qədim insanların onları genişləndirərək ritual məqsədlər üçün uyğunlaşdırdıqları tamamilə mümkündür.

Misirşünas Endryu Kollinz başqa bir cəsarətli nəzəriyyə də irəli sürüb: aşkar edilmiş tunel şəbəkəsi müxtəlif əfsanələrdə xatırlanan gizli biliklərin anbarı olan “Əlyazmalar zalı”nı ehtiva edə bilər.

Hazırda bu əraziyə giriş Misir hakimiyyəti tərəfindən məhdudlaşdırılıb ki, bu da sonrakı arxeoloji işlərə mane olur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Misir   ehramlar   tunellər  



Xəbər lenti