150 il yaşamaq mümkündür – Putin və Si Cinpin "ölümsüzlük" söhbəti efirə sızdı

      150 il yaşamaq mümkündür    – Putin və Si Cinpin "ölümsüzlük" söhbəti efirə sızdı
  07 Sentyabr 2025    Oxunub:1966
Rusiya və Çin prezidentlərinin gözlənilməz müzakirəsi beynəlxalq mediada maraq doğurub.
Pekində keçirilən hərbi parad zamanı Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin “orqan transplantasiyası və ölümsüzlük” mövzusunda söhbəti efirə sızıb. Canlı yayım zamanı baş verən dialoq televiziya vasitəsilə yayımlanıb.

Dialoqun deşifrəsinə əsasən, Si Cinpin deyib: “Keçmişdə 70 yaşından çox yaşayanlar az idi. İndi isə bu yaş hələ gənc hesab olunur.” Putin isə cavabında bildirib ki, biotexnologiyanın inkişafı sayəsində orqan transplantasiyası istənilən vaxt həyata keçirilə bilər və bu, insanlara daha gənc qalmaq, hətta ölümsüzlüyə yaxınlaşmaq imkanı yarada bilər. Çin lideri əlavə edib ki, bu əsrdə insanların 150 ilə qədər yaşaması mümkündür.

Putin sonrakı mətbuat konfransında söhbətin gerçəkliyini təsdiqləyib. Hər iki liderin 72 yaşında olması onların “ölümsüzlük” barədə müzakirəsini daha da diqqətəçarpan edib.

Ekspertlər isə qeyd edirlər ki, uzunömürlülük barədə səsləndirilən fikirlər hələlik elmi əsaslarla tam sübut olunmayıb. Harvard Tibb Məktəbinin professoru Devid Sinkleyrin siçanlar üzərində apardığı təcrübələr yaşlanmanın qismən ləngidilə biləcəyini göstərsə də, bu metod insanlar üzərində hələ tətbiq edilməyib.

Mütəxəssislərin fikrincə, orqan transplantasiyası ömrü uzatmaq üçün praktik üsul sayılmır. Çünki təkrarlanan əməliyyatlar immuniteti zəiflədir və risk yaradır. Laboratoriyada yetişdirilən orqanlar isə əsasən donor çatışmazlığını aradan qaldırmaq üçün nəzərdə tutulur.

Uzunömürlülük mövzusu böyük investisiyalar cəlb edir. Jeff Bezos və Sam Altman kimi milyarderlər bu istiqamətdə şirkətlər yaratsalar da, elmi nəticələr hələ məhduddur. Sheffield Universitetinin tədqiqatçısı İlaria Bellantuona bildirir ki, məsələ hələ açıq qalır və araşdırmalar davam edir.

M. Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti