Publik hüquqi şəxslərdə maaşlar necə hesablanacaq?
Yeni mexanizm əməkhaqqı sistemində uzun müddətdir müşahidə olunan qeyri-bərabərliyin aradan qaldırılmasına yönəlib. İndiyədək bəzi publik hüquqi şəxslərdə əməkhaqqı səviyyəsinin dövlət orqanları ilə müqayisədə daha yüksək olması fiskal yük və idarəetmə baxımından müəyyən suallar doğururdu. Tətbiq edilən 90 faizlik limit bu fərqləri minimuma endirməklə, dövlət və publik sektor arasında balansın təmin olunmasına şərait yaradır.
Fərmanda Nazirlər Kabinetinə də mühüm vəzifələr həvalə olunur. Üç ay müddətində mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmalı, publik hüquqi şəxslərdəki vəzifələr dövlət qulluğu vəzifələri ilə uyğunlaşdırılmalıdır. Eyni zamanda, bəzi rəhbər vəzifələr üzrə əməkhaqqı məbləğinin ayrıca müəyyən edilməsi də nəzərdə tutulur.
Publik hüquqi şəxslərin özlərinə isə altı ay müddətində əməkhaqqı sistemini yeni qaydalara uyğunlaşdırmaq tapşırılıb. Bu proses Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla həyata keçiriləcək. Bundan əlavə, qurumlar öz strukturları, işçi sayı və əməkhaqqı fondu barədə məlumatları müntəzəm şəkildə təqdim etməlidirlər ki, bu da şəffaflığın artırılmasına xidmət edir.
Teqlər: Maaş Publik-hüquqi-şəxs







Vaxtında, Aydın, Lazımlı!


