Yüzlərlə təyyarə əmr gözləyir

// ABŞ İran istiqamətində böyük qüvvə səfərbər edib

   Yüzlərlə təyyarə əmr gözləyir
  22 Fevral 2026    Oxunub:4186
ABŞ İrana qarşı əməliyyatda iştirak etmək üçün 456 hərbi təyyarəni hazır vəziyyətə gətirib. Yaxın Şərqdəki bazalarda artıq yer olmadığı üçün onların bir qismi Avropadakı aerodromlarda yerləşdiriliblər.
Məsələn, Portuqaliyanın tərkibinə daxil olan Azor adalarındakı Lajeş bazasında indiyə qədər görünməmiş sayda Amerika təyyarələri cəmləşib. Son günlərdə oradan ən azı 11 “KC-46 Pegasus” yanacaq təchizatçısı və 12 “F-16”nın keçdiyi qeydə alınıb.



Bolqarıstandakı Sofiya Beynəlxalq Aeroportunda ABŞ HHQ-yə məxsus “KC-135R Stratotanker” yanacaq təchizatçıları yerləşdirilib.



Hazırda ABŞ-nin İran istiqamətində cəmləşdirdiyi aviasiya qrupu haqqında məlum olan rəqəmlər bunlardır:
- 30 ədəd beşinci nəsil “F-35A Lightning II” qırıcısı
- 36 ədəd “F-15E Strike Eagle” hücum təyyarəsi
- 12 ədəd “A-10C Thunderbolt II”
- 48 ədəd müxtəlif modifikasiyalı “F-16” qırıcısı (bəziləri HHM sistemlərini sıradan çıxarmaq üçün modifikasiya olunub)
- 6-12 arası “F-22A Raptor” qırıcısı
- 6 ədəd “EA-18G Growler” radioelektron mübarizə təyarəsi
- 85 ədəd “KC-135R Stratotanker”, “KC-46 Pegasus” və “KC-10 Extender” hava tankerləri (yanacaq təchizatçıları).


Dünyadakı ən böyük atom aviadaşıyıcı kreyseri "USS Gerald R. Ford" Cəbəllüttariq boğazından keçərək, İrana qarşı gözlənilən əməliyyatda iştirak etmək üçün Yaxın Şərq sahillərinə istiqamət götürüb. Bununla İrana qarşı əməliyyata cəlb olunmuş aviadaşıyıcıların sayı 3-ə çatdırılacaq.


Qeyd edək ki, ABŞ-nin zərbələrinə hazırlaşan İran hava hücumundan müdafiəni gücləndirmək üçün paytatın ətrafında əlavə zenit-raket sistemləri (əsasən "S-300"lər) və radioelektron mübarizə vasitələri yerləşdirilib. Müxtəlif şəhərlərdə yerləşən yeraltı nüvə obyektlərinin üzəri zərbəyədavamlı materiallarla örtülüb.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   ABŞ  



Xəbər lenti