“Bu gün məsuliyyətlə deyə bilərəm ki, filologiya elmləri doktoru, millət vəkili Elnarə Akimovanın rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsi ölkəmizdə bu sahəyə mühüm töhfə verir və bu sahəni elmi cəhətdən koordinasiya edən bir mərkəzə çevrilib. Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu uşaq ədəbiyyatı ilə bağlı məsələlərin elmi tərəflərini öz üzərinə götürmək gücünə malikdir və bu baxımdan, tədbirin məhz Beynəlxalq Ana Dili Günü ərəfəsində keçirilməsi təsadüfi deyildir”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.
Ana dilinin qorunması, uşaq ədəbiyyatının inkişafı və yeni texnoloji dövrün çağırışları fonunda milli dil şüurunun formalaşdırılması məsələlərinin geniş müzakirə olunduğu tədbirdə vurğulanıb ki, uşaqları müasir terminoloji təfəkkürə hazırlamaq zəruridir və rəqəmsal texnologiyalar, internet və süni intellektlə bağlı mövzular uşaq ədəbiyyatında öz əksini tapmalıdır. Bununla yanaşı, dilin yad terminlərin təsirindən qorunması, ana dilinin ifadə imkanlarının zənginləşdirilməsi əsas prinsip kimi diqqətə çatdırılıb. Qeyd edilib ki, ana dili ədəbiyyatda millilik və dövlətçilik düşüncəsinin əsas dayağıdır və xalqın böyük ədəbiyyatı məhz ana dilində formalaşır.
Tədbirdə çıxış edən Elnarə Akimova Beynəlxalq Ana Dili Gününün AMEAda hər il qeyd olunmasının artıq ənənəyə çevrildiyini bildirib. O vurğulayıb ki, ana dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində aparılan siyasət, eləcə də alimlərin və yazıçıların fəaliyyəti milli kimliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, etno-mədəni sistemin yaşadılması üçün ana dili və uşaq ədəbiyyatı aparıcı rol oynayır, bu sahədə uşaqların düzgün istiqamətə yönləndirilməsi isə cəmiyyət qarşısında aktual vəzifədir.
Tanınmış uşaq yazıçısı, professor Zahid Xəlil, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, dosent İlhamə Ağazadə, dosent Gülnar Qəmbərli, müəllim Nigar Vəliyeva və digər iştirakçılar ana dili və uşaq ədəbiyyatının inkişaf istiqamətləri barədə məruzələrlə çıxış ediblər.
Qonaq kimi tədbirə qatılan dəyərli uşaq yazarlarımız Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Ibrahim Yusifoğlu, Mina Rəşid və Sevinc Elsevər də uşaq ədəbiyyatının çağdaş problemləri ilə bağlı maraqlı fikirlər səsləndirblər.
Çıxışlarda uşaq ədəbiyyatının gənc nəslin dil və düşüncə tərzinin formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulanıb.
Tədbirin sonunda Suraxanı rayonu Vaqif Mirzəyev adına 281 nömrəli tam orta məktəb şagirdləri ana dilinə və vətənə həsr olunmuş şeirlər səsləndirərək proqramı vətənpərvərlik ruhunda tamamlayıblar.







Vaxtında, Aydın, Lazımlı!


