AMEA məktəblilər arasında Azərbaycan dili üzrə olimpiada təşkil edib
Olimpiada Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı və 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi ana dilinin saflığının qorunmasının gənclər qarşısında mühüm vəzifə kimi qoyulması rəhbər tutularaq təşkil edilib. Bu ideya tədbirin məzmununda və maarifləndirici istiqamətində əsas xətt kimi ön plana çəkilib.
“Gəlin dilimizin gücünü birlikdə nümayiş etdirək. Çünki Azərbaycan dili bizim qürurumuzdur” devizi ilə keçirilən olimpiadada Azərbaycan bölməsi ilə yanaşı, rus və ingilis bölmələrində təhsil alan şagirdlər də iştirak ediblər. Onlar Azərbaycan dilinin qrammatikası, leksikası, üslubiyyatı, orfoqrafiya və nitq mədəniyyəti üzrə biliklərini sınamaqla yanaşı, “Dilim varsa, mən də varam”, “Qarabağ zəfəri: tarixi ədalətin və milli iradənin təntənəsi”, “Kitab: rəqəmsal əsrdə yaddaşın xilaskarı”, “Süni intellekt və dilin gələcəyi: rəqəmsal dövrdə ana dili” mövzularında esse yazaraq analitik təfəkkür, dil duyumu və yaradıcı düşünmə bacarıqlarını nümayiş etdiriblər. Esse mərhələsi şagirdlərin həm milli kimlik, həm də müasir çağırışlar kontekstində ana dilinə münasibətini ortaya qoymağa imkan verib.
AMEA-nın Gənclər Akademiyasının sədri Elmir Babayev ana dilimizin qorunması, inkişafı və təbliği istiqamətində maarifləndirici və intellektual layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Olimpiadanın sonunda qaliblər müəyyən edilərək diplom və hədiyyələrlə təltif olunacaqlar.
AzVision.az
Teqlər: AMEA AnaDili Olimpiada







Vaxtında, Aydın, Lazımlı!


