Simonyan: “Seçkilər Azərbaycanla sülhün taleyini həll edəcək”

    Simonyan:  “Seçkilər Azərbaycanla sülhün taleyini həll edəcək”
  16 Fevral 2026    Oxunub:1215
Ermənistanda keçiriləcək parlament seçkiləri Azərbaycanla sülh nizamlanmasında yeni səhifə açacaq.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın müxalif “Dojd” kanalına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Ermənistandakı siyasi qüvvələr iki qrupa bölünür: sülh partiyası və “qlobal moderatorlardan” asılılığı təklif edən müharibə partiyası.

“Biz 2026-cı il seçkiləri, yekun sülh sazişinin imzalanması və onun ratifikasiyası ilə Azərbaycanla münaqişəyə son qoymalıyıq. Mən qələbəmizə əminəm”, – Alen Simonyan bildirib.

Spiker həmçinin 102-ci Rusiya hərbi bazasının Ermənistanda olmasını müzakirə etməyi məqsədəuyğun saymadığını söyləyib.

- Biz rusiyalı həmkarlarımızdan hava limanından və Ermənistan–Azərbaycan sərhədini qoruduqları bir neçə yerdən getmələrini xahiş etməyi məqsədəuyğun saydıq. Məqsədəuyğun saydığımız anda bunu da müzakirə etməyə başlayacağıq. Amma biz hazırda bu məsələni müzakirə etmirik, – siyasətçi vurğulayıb.

Simonyan bildirib ki, o, Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyinə 100 faiz zəmanət verdiyini deməyib, lakin regionda mövcud şəraitdə vəziyyəti gərginləşdirmək və kəskin addımlar atmaq düzgün deyil.

Bununla belə, Ermənistan parlamentinin sədri ölkəsini gələcəkdə Avropa İttifaqının (Aİ) üzvü kimi gördüyünü diqqətə çatdırıb.

“Hesab edirik ki, bunlar bizim bölüşdüyümüz dəyərlərdir. Qanunvericilik, məhsulun keyfiyyəti, insan hüquqları və azadlıqları fəxr etdiyimiz məsələlərdir. Bu, 2018-ci ildən bizim üçün mühüm nailiyyətdir. Bu, yaxın gələcəkdə olmayacaq, amma dünyada baş verənləri nəzərə alaraq, bunun mümkün qədər tez olmasını istərdim”, – Alen Simonyan deyib.

Onun iddiasına görə, bu, Ermənistan üçün həm də təhlükəsizlik sistemidir, çünki KTMT-nin özü İrəvanın əvvəllər düşündüyü və ümid etdiyi təhlükəsizlik sistemi olmadı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Simonyan   seçkilər   sülh  



Xəbər lenti