Politico: “Etimad böhranı: Avropa ABŞ-dən üz döndərir”

      Politico:    “Etimad böhranı: Avropa ABŞ-dən üz döndərir”
  12 Fevral 2026    Oxunub:1257
Almaniya, Fransa, Böyük Britaniya və Kanadada ABŞ-ni etibarlı müttəfiq kimi görməyən vətəndaşların sayı artır. Onlar Birləşmiş Ştatların demokratiyanı müdafiə etdiyinə və ya onların dəyərlərini bölüşdüyünə şübhə ilə yanaşırlar.
AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Londonda yerləşən “Public First” sosioloji şirkətinin araşdırmalarına əsasən, sorğu aparılan bütün ölkələrdə respondentlərin əksəriyyəti ABŞ-ni etibarsız müttəfiq kimi qiymətləndirir.

Almaniyada sorğuda iştirak edən böyük adamların yarısı ABŞ-ni etibarsız ölkə adlandırıb, Kanadada isə bu rəqəm 57% təşkil edib. Fransada bu fikirdə olan respondentlərin nisbəti də Amerika ilə alyansa güvənənlərin sayından iki dəfə çoxdur.

ABŞ-yə ən yüksək etimad səviyyəsi Böyük Britaniyada qeydə alınsa da, orada da vəziyyət çox da ürəkaçan deyil: britaniyalıların 35%-i ABŞ-ni etibarlı müttəfiq sayır, 39%-i isə onu etibarsız hesab edir.

Sorğunun nəticələrinə görə, Amerikanın hərbi gücü getdikcə qeyri-müəyyən çəkindirici vasitə kimi qəbul edilir. Fransa və Almaniyada əksəriyyət potensial rəqiblərin ABŞ ilə müttəfiq olduqları üçün hücumdan çəkinəcəyinə inanmır. Böyük Britaniyada ABŞ-ni bu mənada təsirli maneə kimi görməyə davam edənlərin sayı bir il ərzində 10% azalıb.

Böyük Britaniya, Fransa və Almaniyada ABŞ-nin neqativ qiymətləndirilməsi əsas göstəricilər - müttəfiqin etibarlılığı, demokratiyanın qorunması və ortaq dəyərlər - üzrə üstünlük təşkil edir.

Fransada respondentlərin yalnız 17%-i ABŞ-nin onların dəyərlərini bölüşdüyünə inanır, 49%-i isə belə düşünmür. Almaniyada respondentlərin 50%-i ABŞ-nin onların dəyərlərini bölüşmədiyini, yalnız 18%-i isə Vaşinqtonun demokratiyanı müdafiə etdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Avropa   etimadsızlıq  



Xəbər lenti