Qlobal internet kəsintilərinin əsas səbəbləri açıqlandı

   Qlobal internet kəsintilərinin əsas    səbəbləri açıqlandı
  21 Dekabr 2025    Oxunub:2744
Cloudflare 2025-ci ilin iyul–sentyabr aylarında 125 ölkədə internet kəsintilərini təhlil edib. Şirkətin III rüb üzrə hesabatına görə, 330-dan çox şəhərdə qlobal miqyasda internetə çıxışın pozulmasının əsas səbəbləri dövlət tərəfindən tətbiq edilən blokadalar, təbii fəlakətlər, kiberhücumlar və infrastruktura dəyən ziyanlardır.
Hesabatda bildirilir ki, İraq, Suriya və Sudan milli imtahan dövrlərində internetin dayandırılması praktikasını bu il də davam etdirib. Suriyada rəsmilər bu addımı “mütəşəkkil imtahan saxtakarlığı şəbəkələrinə qarşı tədbir” kimi əsaslandırıblar.

Venesuelada isə SuperCable provayderinin lisenziyasının ləğv edilməsi nəticəsində avqustun ortalarında minlərlə istifadəçi internetdən məhrum olub. Cloudflare bu halları qısa müddətli və lokal xarakterli dövlət məhdudiyyətləri kimi qiymətləndirir.

ABŞ-ın Texas ştatında təsadüfi atılan güllə fiber-optik xətti zədələyib və bu, Spectrum istifadəçiləri üçün iki saatlıq kəsintiyə səbəb olub.

Dominikan Respublikası və Anqolada aparılan tikinti işləri zamanı kabellərin qırılması internetin saatlarla dayanmasına gətirib çıxarıb. Pakistan, Haiti və Birləşmiş Ərəb Əmirliklərində isə Qırmızı dənizdə eyni vaxtda baş verən kabel qırılmaları ölkələrarası internet trafikinə ciddi zərbə vurub.

Təbii hadisələr də rüb ərzində qlobal internet sabitliyinə təsir göstərib. Misirdə Ramses Mərkəzi Telekommunikasiya Qovşağında baş verən yanğın Vodafone və Orange daxil olmaqla bir sıra iri provayderlərin xidmətini dayandırıb.

Rusiyanın Kamçatka yarımadasında qeydə alınan 8,8 bal gücündə zəlzələ regional internet trafikinin demək olar ki, dərhal çökməsinə səbəb olub. Bundan əlavə, Starlink iyulun 24-də əsas şəbəkəni idarə edən kritik proqram təminatında nasazlıq səbəbilə qlobal kəsinti yaşandığını açıqlayıb.

Cloudflare bildirir ki, hesabat tam siyahı xarakteri daşımır, lakin nəticə aydındır: qlobal internet infrastrukturu geniş miqyaslı və texnoloji baxımdan inkişaf etmiş olsa da, hələ də son dərəcə həssasdır və həm siyasi qərarlardan, həm də fiziki risklərdən asılı vəziyyətdə qalır.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti