Şəhərsalma insan mərkəzli fəlsəfəyə əsaslanır – Bahar Muradova

   Şəhərsalma insan mərkəzli fəlsəfəyə əsaslanır –    Bahar Muradova
  23 Aprel 2026    Oxunub:1979
Aprelin 23 -də “Memarlıq və Şəhərsalma İli“ çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, bu gün Azərbaycan bir çox ölkələrdən fərqli olaraq şəhərsalma, dayanıqlı inkişaf və post-münaqişə dövrünün idarə olunması sahəsində böyük təşəbbüslər irəli sürür. Xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu bu baxımdan xüsusi strateji əhəmiyyət daşıyır.
O bildirib ki, son illərin ictimai-siyasi reallıqları, xüsusilə postmünaqişə dövrünün yaratdığı yeni çağırışlar şəhərsalmanın artıq təkcə infrastrukturun qurulması və ya dağıdılmış ərazilərin bərpası məsələsi olmadığını göstərir. Bu gün şəhərsalma milli inkişafın mühüm tərkib hissəsi kimi çıxış edir. Burada əsas məsələ insan amilidir, vətəndaşların maraqlarının nəzərə alınmasıdır, sosial ədalətin, təhlükəsizliyin və layiqli yaşayış şəraitinin təmin edilməsidir.

- İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri də məhz bu yanaşmanın bariz nümunəsidir. Bu ərazilərdə formalaşdırılan yeni yaşayış mühiti yalnız fiziki məkanın bərpası deyil, eyni zamanda sosial münasibətlərin, insan rifahının və təhlükəsiz gələcəyin yenidən qurulmasıdır. Ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi, müasir urban idarəetmə modellərinin formalaşdırılması Azərbaycanın bu sahədə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir,- Komitə sədri deyib.

O xüsusilə vurğulayıb ki, bu prosesdə ailələrin, qadınların və uşaqların maraqları əsas diqqət mərkəzində olmalıdır. Çünki dayanıqlı və təhlükəsiz şəhərlər yalnız yolların, binaların və kommunikasiyaların mövcudluğu ilə ölçülmür. Belə şəhərlər ilk növbədə insan üçün rahat, təhlükəsiz, inklüziv və ədalətli mühit yaratmalıdır. Qadınların, uşaqların, yaşlıların və həssas qrupların ehtiyaclarını nəzərə almayan heç bir urban inkişaf modeli tam və uğurlu hesab oluna bilməz.


“Bu gün dünyada şəhərsalma getdikcə daha çox insan mərkəzli fəlsəfəyə əsaslanır. İnklüzivlik, təhlükəsizlik, sosial bərabərlik və əlçatanlıq artıq müasir şəhər siyasətinin əsas prinsiplərinə çevrilib. Azərbaycan da bu prinsipləri öz təcrübəsində uğurla tətbiq edir və bu sahədə yeni nümunə ortaya qoyur.
Azərbaycanın qazandığı uğurlar bir daha göstərir ki, ölkəmiz yalnız münaqişənin aradan qaldırılması və sülhün bərqərar olunması istiqamətində deyil, eyni zamanda həmin münaqişənin nəticələrinin aradan qaldırılması, insan ləyaqətinə əsaslanan yeni həyat məkanlarının yaradılması sahəsində də mühüm model formalaşdırır.
Təsadüfi deyil ki, BMT-Habitat kimi nüfuzlu beynəlxalq qurumlar da inklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasını prioritet istiqamət kimi müəyyən edir. Azərbaycanın bu proseslərdə fəal iştirakı və təşəbbüskar mövqeyi ölkəmizin qlobal müzakirələrə real töhfə verdiyini nümayiş etdirir”,- Bahar Muradova deyib.

O, əmin olduğunu bildirib ki, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın bu sahədə topladığı təcrübənin beynəlxalq platformada təqdimatı üçün mühüm imkan yaradacaq. Eyni zamanda bu forum şəhərsalma sahəsində insan amilinin, sosial ədalətin, ailə rifahının, qadınların və uşaqların təhlükəsiz gələcəyinin prioritet kimi daha güclü şəkildə irəli çəkilməsinə xidmət edəcək.




Teqlər:



Xəbər lenti