Qarabağda qanunsuz yaşayanlar Avropa Məhkəməsinə müraciət ediblər

   Qarabağda qanunsuz yaşayanlar Avropa Məhkəməsinə müraciət ediblər
  22 Aprel 2026    Oxunub:2048
Azərbaycan Respublikasının Qarabağ regionunda əvvəllər qanunsuz yaşamış separatçı qurumla əlaqəli 1000 nəfər Avropa İnsan Hüquqları Məhkəməsinə qayıdışla bağlı tələblərlə müraciət edib.
2026-cı ilin aprel ayına olan məlumata görə, təxminən 500 şikayət təqdim olunub. Bu barədə “Artsax Beynəlxalq-Hüquqi Təşəbbüsü” adlandırılan qurum məlumat yayıb. Müraciət edən şəxslər "müraciətlərinə" Qarabağda zəbt etdikləri əmlakla bağlı sənədlər, eləcə də oradakı həyatlarını əks etdirən fotoşəkillər və media materialları əlavə ediblər.

Onlar müraciətlərində iddia edirlər ki, guya hüquqları (o cümlədən əmlakdan istifadə və sərəncam hüququ)Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində pozulub və buna görə də “qayıdış hüququ”nun tanınmasını irəli sürürlər.

Qeyd edək ki, Qarabağ regionuna əhalinin bir hissəsi münaqişədən sonra köçürülüb. 2012-ci ildən etibarən Ermənistan və bölgədə mövcud olmuş separatçı rejim tərəfindən Suriya və Livandan olan ermənilərin bu ərazilərə yerləşdirilməsi halları olub və bu, beynəlxalq humanitar hüquqa görə işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsinin qadağan edilməsi ilə ziddiyyət təşkil edir.

Bundan başqa həmin şəxslərin bölgədən çıxışı məcburi xarakter daşımayıb və onların ərazini təşkilatlanmış şəkildə tərk etməsi müşahidə olunub. Eyni zamanda, onlara humanitar yardım da göstərilib.

Bundan əlavə, Azərbaycan hökuməti qanuni əsasları olan şəxslərin geri qayıdışı üçün mexanizm yaradıb və müvafiq müraciət imkanları təqdim edib. Lakin onlar bu imkanlardan istifadə etməyiblər.

Səbinə Həsənova


Teqlər:



Xəbər lenti