Aİ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

   Aİ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
  21 Aprel 2026    Oxunub:2008
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək məsələsini müzakirə edəcək.
Bu məsələ Lüksemburqda keçirilən Aİ-nin Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə daxil edilib. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas iclasdan əvvəl bildirib.

Onun sözlərinə görə, Aİ Bakı ilə İrəvan arasında dialoqu Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunması üçün əsas amillərdən biri hesab edir. Bu səbəbdən Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması Aİ-nin region üzrə xarici siyasət prioritetləri sırasında qalır.

İclas çərçivəsində normallaşma prosesinə dəstək istiqamətində atılacaq növbəti addımlar, eləcə də Ermənistanda yeni Aİ missiyasının yaradılması imkanları müzakirə olunacaq.

“Biz həmçinin Azərbaycanla münasibətlər üzərində necə işləyə biləcəyimizi də müzakirə edəcəyik”, – deyə Kallas qeyd edib.

O əlavə edib ki, Brüssel hər iki tərəflə əməkdaşlığı davam etdirməyi hədəfləyir. Bunun üçün tərəflər arasında konstruktiv dialoqun davam etdirilməsi və uzunmüddətli razılaşmaların əldə olunması vacib sayılır.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti