TƏBİB-ə yeni icraçı direktor təyin olunub

TƏBİB-ə yeni icraçı direktor təyin olunub
  14 Aprel 2026    Oxunub:1964
Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Eyni zamanda, 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti kimi çalışıb. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

AzVision.az




Teqlər:



Xəbər lenti