ABŞ İrana xüsusi təyinatlılarını göndərir

ABŞ İrana xüsusi təyinatlılarını göndərir
  09 Mart 2026    Oxunub:2125
ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək üçün xüsusi qüvvələr göndərməyi nəzərdən keçirir
AzVision.az Axios-a istinadla xəbər verir ki, ABŞ və İsrail İran ərazisinə xüsusi təyinatlı qüvvələr göndərərək zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək imkanlarını müzakirə ediblər.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trump üçün əsas məqsədlərdən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Məlumata görə, İranın təxminən 450 kiloqram 60 faiz zənginləşdirilmiş uranı var və bu material bir neçə həftə ərzində nüvə silahı səviyyəsinə qədər zənginləşdirilə bilər.

Axios-a danışan mənbələr bildiriblər ki, belə əməliyyatın həyata keçirilməsi üçün ABŞ və ya İsrail hərbçiləri İranın yeraltı nüvə obyektlərinə girməsi tələb oluna bilər. Əməliyyatın ABŞ, İsrail və ya birgə formatda keçirilməsi məsələsi hələ dəqiq deyil.

Marco Rubio Konqresdə keçirilən brifinq zamanı İranın zənginləşdirilmiş uranının necə təhlükəsizləşdiriləcəyi ilə bağlı suala cavab verərkən bildirib ki, “kimsə gedib onu götürməli olacaq”.

Hazırda ABŞ administrasiyasında iki əsas variant - uran ehtiyatının ölkədən tam çıxarılması, ya da nüvə mütəxəssislərinin materialı yerində zərərsizləşdirməsi - müzakirə edilir. Odur ki, missiyaya Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri də cəlb edilə bilər.

Xatırladaq ki, ABŞ administrasiyasında İranın neft ixracının təxminən 90 faizinin həyata keçirildiyi Xarq adasına nəzarət variantı da müzakirə olunub.

ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, İranın zənginləşdirilmiş uran ehtiyatının böyük hissəsi İsfahandakı nüvə obyektinin yeraltı tunellərində, qalan hissəsi isə Fordo və Natanz obyektlərində saxlanılır.

Qiymətləndirmələrə görə, bu ehtiyat tam şəkildə 90 faiz zənginləşdirilərsə, təxminən 11 nüvə bombası hazırlamaq üçün kifayət edə bilər. ABŞ rəsmiləri isə mümkün əməliyyatın genişmiqyaslı quru əməliyyatı deyil, daha çox məhdud xüsusi əməliyyat xarakteri daşıya biləcəyini bildirirlər.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti