MAQATE: “Rusiya və Ukrayna lokal atəşkəsə razılaşıblar”

      MAQATE:    “Rusiya və Ukrayna lokal atəşkəsə razılaşıblar”
  27 Fevral 2026    Oxunub:1696
Ukrayna və Rusiya ehtiyat elektrik xətlərində zəruri təmir işlərinin aparılması üçün Zaporojye Atom Elektrik Stansiyası (AES) ərazisində lokal atəşkəs barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) fevralın 27-də “X” sosial şəbəkəsində yerləşdirdiyi məlumatda belə deyilir.

“MAQATE-nin vasitəçiliyi ilə Zaporojye AES-də 330 kV-luq ehtiyat enerji təchizatını bərpa etmək məqsədi daşıyan daha bir yerli atəşkəs qüvvədədir. Təmir qruplarının zədələnmiş əraziyə çıxışının təminatı üçün hazırda mina təmizləmə işləri davam edir”, - agentlik vurğulayır.

Xatırladaq ki, fevralın 19-da MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojye AES-in yalnız bir xarici elektrik xətti ilə işlədiyini bildirib. Onun sözlərinə görə, ehtiyat 330 kV-luq “Ferrosplavnaya-1” xətti fevralın 10-da sıradan çıxıb və bu, çox güman ki, hərbi əməliyyatlar səbəbindən baş verib. Stansiya hazırda yalnız 750 kV-luq “Dnepr” xətti vasitəsilə enerji alır.

Yanvarın 17-də MAQATE Zaporojye AES ərazisində elektrik xətlərinin təmiri üçün atəşkəs elan edildiyini bildirdi ki, bu da artıq stansiyanın zədələnmiş infrastrukturunun təmiri üçün lokal xarakterli dördüncü atəşkəs idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   atəşkəs  



Xəbər lenti