Trampın komandası: “İran ABŞ üçün ciddi təhdiddir”
“İran ABŞ üçün çox ciddi təhlükə yaradır və bu, çox uzun müddətdir ki, belədir. Əvvəla, nüvə proqramı məhv edildikdən sonra onlara yenidən buna başlamağa çalışmamaları deyildi, amma onlar yenə də öz işlərindədirlər. Onların daim bunun ayrı-ayrı elementlərini bərpa etməyə çalışdıqlarını görə bilərsiniz. Hazırda onlar uranı zənginləşdirmirlər, amma bunun mümkün olduğu nöqtəyə çatmaq üçün çalışırlar”, - siyasətçi bildirib.
Marko Rubio səfər etdiyi Sent-Kits və Nevis Karib adası dövlətində jrnalistlərin suallarını cavablandırarkən bildirib ki, İran hazırda çoxlu sayda ballistik, xüsusən də qısa mənzilli ballistik raketlərə malikdir. İranın həmçinin gəmiçiliyinə təhlükə yaradan və ABŞ Hərbi Dəniz Qüvvələrini təhdid etməyə çalışan dəniz qüvvələri də mövcuddur.
- Nüvə proqramından əlavə, onların adi silahları da var. İranla gələcək məsləhətləşmələrdə bu məsələlərə diqqət yetirilməlidir”, - ABŞ-nin dövlət katibi vurğulayıb.
Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ vitse-prezidenti Cey Di Vens də İranın “nüvə silahını yenidən yaratmaq” cəhdlərinə diqqət çəkib. Siyasətçi bunun ABŞ üçün “problemlər yaradacağı” barədə xəbərdarlıq edib. Vens ABŞ prezidenti Donald Trampın İranla razılığa gəlmək səylərini davam etdirmək üçün ən yüksək səviyyəli danışıqçılarını Cenevrəyə göndərdiyini xatırladıb.
“Amma prinsip çox sadədir: İran nüvə silahına sahib ola bilməz. Buna görə də, prezident bu məsələni həll etmək üçün danışıqları aparanları göndərir. Prezidentin dəfələrlə dediyi kimi, o, bu məsələni diplomatik yolla həll etmək istəyir. Amma təbii ki, prezidentin başqa variantları da var”, - Cey Di Vens vurğulayıb.
İran hökumətinin sözçüsü Fatimə Möhacerani keçirdiyi brifinqdə Tehran və Vaşinqton arasında nüvə danışıqlarının üçüncü raundunun fevralın 26-da Cenevrədə baş tutacağını təsdiqləyib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Tehranla Vaşinqtonun “unikal saziş” bağlamaq üçün “tarixi şansı” olduğunu açıqlayıb. O, həmçinin vurğulayıb ki, təhdid olacağı halda, İran öz suverenliyini istənilən vasitə ilə qorumağa hazırdır.
Görüşün əsas məqsədi 17 fevralda əldə edilən nəticələri möhkəmləndirmək olacaq. Danışıqların ikinci raundundan sonra Əraqçi tərəflərin gələcək müzakirələr üçün “ümumi prinsiplər” barədə razılığa gəldiyini və səylərini mümkün sazişin müxtəlif aspektlərinə yönəltmək niyyətində olduqlarını bildirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


