Viktor Orban: “Kiyevə etibar etmirik”

  Viktor Orban:    “Kiyevə etibar etmirik”
  26 Fevral 2026    Oxunub:1982
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Budapeşt Ukraynaya etibar etmir və Rusiya ilə müharibə bitdikdən sonra qonşu dövlətin 800 minlik ordu saxlamasını istəmir.
AzVision.az xəbər verir ki, Viktor Orban Avropanın mövcud təhlükəsizlik sisteminin məhv edildiyini və buna görə Avropa İttifaqı (Aİ) liderlərinin Rusiya ilə danışıqlar masasına oturmalı olacaqlarını deyib.

“Biz mütləq Rusiya-Avropa təhlükəsizlik müqaviləsi bağlamalıyıq və bu müqavilə çərçivəsində silahlı qüvvələrin səviyyəsinə məhdudiyyətlər qoymalıyıq”, - Macarıstanın Baş naziri “YouTube” platformasındakı “Patriota” kanalında çıxışı zamanı bildirib.

Siyasətçi bu məhdudiyyətlərin Ukraynaya da şamil edilməli olduğunu diqqətə çatdırıb.

- Mən Macarıstanın arxasında 800 min nəfərlik Ukrayna ordusunun olmasını istəmirəm, çünki bu, bizim üçün təhlükə yarada bilər. Tarixdə ukraynalılara etibar etməyim üçün heç bir səbəb tapa bilmirəm. Əgər kimsə belə bir səbəb bilirsə, xahiş edirəm mənə desin”, - Viktor Orban vurğulayıb.

Macarıstan liderinin sözlərinə görə, Ukrayna ordusunun mümkün qədər kiçik və ona nəzarət mexanizmlərinin mövcud olması Budapeştin maraqlarına uyğundur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan   Ukrayna   etimad  



Xəbər lenti