Qlobal ərzaq qiymətlərinin indeksi dəyişib
Buğda və qarğıdalı üzrə dünya qiymətlərində cüzi azalma qeydə alınmasına baxmayaraq, FAO-nun taxıl indeksi 0,2 faiz artıb. Buğda ehtiyatlarının böyük həcmdə olması Rusiya və ABŞ-da payızlıq əkinlər üçün hava risklərinin təsirini kompensasiya edib. Düyü üzrə qiymət indeksi 1,8 faiz yüksəlib.
Bitki yağlarının qiymət indeksi 2,1 faiz artıb. Cənub-Şərqi Asiyada istehsalın mövsümi azalması və davamlı idxal tələbi fonunda palma yağının qlobal qiymətləri yüksəlib. Cənubi Amerikadan ixracın azalması və ABŞ-da bioyanacağa yüksək tələbat soya yağının bahalaşmasına səbəb olub.
Qara dəniz regionunda təklifin məhdudlaşması fonunda günəbaxan yağı da bahalaşıb. Eyni zamanda Avropa İttifaqına yüksək idxal həcmi səbəbindən raps yağının qiyməti düşüb.
Ət qiymətləri indeksi 0,4 faiz aşağı düşüb. Qlobal bazarda bolluq və zəif tələbat səbəbindən donuz əti ucuzlaşıb. Quş ətinin qiymətləri isə artıb. Buna əsas səbəb Braziliyada məhsulun bahalaşması və yüksək ixrac tələbatıdır.
Mal və qoyun əti üzrə qiymətlər indeksi sabit qalıb. Braziliyadan Çinə tədarükün artması ABŞ tərəfindən rüsumsuz kvotanın sürətlə doldurulmasını kompensasiya edib.
Süd məhsulları üzrə qiymətlər indeksi 5 faiz enib. Təklifin kifayət qədər olması nəticəsində pendir və kərə yağı ucuzlaşıb. Yaxın Şərq, Şimali Afrika və Asiyanın bəzi regionlarından tələbatın bərpası fonunda yağsız quru südün qiymətləri artıb.
Şəkər qiymətləri indeksi 1 faiz azalıb. FAO bunu cari mövsümdə qlobal təklifin artacağı ilə bağlı gözləntilərlə əlaqələndirir. Buna Hindistanda istehsalın bərpası, Tailand üçün əlverişli proqnozlar və Braziliyada müsbət dinamika təsir göstərib.
FAO qlobal taxıl istehsalı ilə bağlı yenilənmiş proqnozunu da açıqlayıb. Ümumi həcmin 3,023 milyard tona çatacağı bildirilir ki, bu da rekord göstəricidir.
Artımla bağlı proqnozun yenidən nəzərdən keçirilməsi Kanada və Avropa İttifaqında buğda məhsulunun gözləniləndən yüksək olması, həmçinin Çin və ABŞ-da qarğıdalı əkin sahələrinin genişlənməsi və məhsuldarlığın artması ilə bağlıdır. Düyü istehsalı da yüksələcək. Bu, əsasən Hindistan, Banqladeş, Braziliya, Çin və İndoneziyanın hesabına təmin ediləcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


