“Bunu necə bacarırlar?!” – Ərdoğan mərc qalmaqalından danışdı

      “Bunu necə bacarırlar?!”    – Ərdoğan mərc qalmaqalından danışdı
  14 Dekabr 2025    Oxunub:1386
Türkiyə futbolunda tüğyan edən mərc qalmaqalı barədə yazmışdıq. Mövzuya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. O, istintaq prosesinin heç bir klub fərqi qoyulmadan, sonadək və qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
- İdarəçisindən tutmuş futbolçusuna qədər bir çox şəxsin bu prosesdə yer alması, adlarının bu cür qalmaqallarla hallanması, ölkəmizdə belə hadisələrin yaşanması bizi həqiqətən sarsıdıb. Bu, insanı heyrətə gətirən bir mənzərədir,- deyən Prezident hadisələrin onları ciddi məyus etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan milyonlarla transfer haqqı alan şəxslərin bu cür işlərə qarışmasını anlamaqda çətinlik çəkdiyini deyib: “Rəhbərlər bunu necə edə bilirlər? Futbolun ruhu ədalətdir. Əgər biz bu ədaləti təmin edə bilməsək, meydanlarda əldə olunan heç bir nəticə bizi qane etməz”.

Prezident ədalətin məhkəmə orqanları tərəfindən təmin olunacağına inandığını qeyd edib: “A və B klubu, fərq etməz. Bizim üçün əsas olan ədalətdir. Hazırda məhkəmənin bu vəzifəni ən ideal şəkildə yerinə yetirdiyini düşünürəm”.

Qeyd edək ki, mərc oyunları ilə bağlı saxlanılanlar arasında “Qalatasaray”ın futbolçusu Metehan Baltacı, “Fənərbağça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş, futbol hakimi Zorbay Küçük, “Adana Dəmirspor” klubunun keçmiş p prezidenti Murat Sancak və digər şəxslər var.


Teqlər: Türkiyə   Futbol  



Xəbər lenti