Elmdə böyük müzakirə: Kişi geni yoxa çıxır

   Elmdə böyük müzakirə:    Kişi geni yoxa çıxır
  08 Dekabr 2025    Oxunub:3490
Son dövrdə elm aləmində insan orqanizmində Y xromosomunun aqibəti barədə müzakirələr aparılır. Alimlər nəzəri cəhətdən belə qənaətə gəliblər ki, min illər boyu təkamülün nəticəsində öz təbii gen strukturunu itirən kişilik xromosomu çox uzaq gələcəkdə tədricən yoxa çıxacaq.
Məlumdur ki, insanlarda cinsiyyət sperma hüceyrəsinin daşıdığı X (qadın), yaxud Y (kişi) xromosomu tərəfindən müəyyənləşir. Hərçənd son illərdə elm aləmində yayılan fikrə görə, bu proses öz təbiiliyini yavaş-yavaş əldən verir. Avstraliyalı genetika mütəxəssisi Cenni Qreyvs öz məqalələrində mütəmadi diqqətə çatdırır ki, kişi cinsiyyətini müəyyənləşdirən Y xromosomu öz sələflərinə məxsus orijinal genlərin 97%-ni artıq itirib.

ABŞ-də fəaliyyət göstərən Vaythed Biotibbi Tədqiqatlar İnstitutunun əməkdaşı, təkamül nəzəriyyəsi üzrə mütəxəssis Cen Hyusun rəhbərliyində aparılmış tədqiqata əsasən, primatlarda Y xromosomu tamamilə sabit qalmaqdadır, ona görə də yoxaçıxma riski qətiyyən yüksək deyil.

Bu məqamda alimlər digər canlılara nəzər salırlar. Belə ki, bir sıra gəmirici növündə erkəklik xromosomu artıq yoxdur. Halbuki bu heyvanlarda cinsiyyət başqa genetik mexanizmlərin hesabına müəyyənləşir. Mütəxəssislərin fikrincə, bu təbii proses insan genetikasını daha yaxşı öyrənmək istiqamətində əhəmiyyətlidir:

"Beləliklə, insanda Y xromosomunun aqibəti ilə əlaqədar dəqiq fikir söyləyə bilmək üçün daha əhatəli, uzunmüddətli tədqiqatlara ehtiyac var. Əlbəttə, bu sahədə müzakirə yaxın gələcəkdə xüsusilə böyüyə bilər".

Firudin Həmidli
AzVision.az


Teqlər: xromosom   gen   müzakirə  



Xəbər lenti