Ekspert: “Bəzən kiçik bir güzəşt böyük sosial nəticələr verir”

      Ekspert:    “Bəzən kiçik bir güzəşt böyük sosial nəticələr verir”
  03 Dekabr 2025    Oxunub:1847
Milli Məclisin Regional məsələlər komitəsinin Əmək Məcəlləsində təklif etdiyi dəyişiklik uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur.
AzVision.az bildirir ki, hazırda işçilərin xahişi ilə bir iş ilində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir.

Məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edən iqtisadçı-ekspert Eldəniz Əmirov uşağın doğulmasına görə, kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi barədə qanunvericilikdə təklif edilən dəyişikliyin əhəmiyyətinə toxunub.

Eldəniz Əmirov bildirib ki, ailə institutunun möhkəmlənməsi, valideyn məsuliyyətinin bölüşdürülməsi və ailədaxili harmoniyanın güclənməsi baxımından bu qərar çox önəmlidir.

Ekspert, eyni zamanda, bu müstəvidə daha bir neçə addımın atılmasının zəruri olduğuna diqqət çəkib.

“Hesab edirəm ki, bununla paralel olaraq ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququnun, valideynlərin məktəb tədbirlərində iştirakını təmin edən yarım günlük “sosial fasilə” imkanının və bu qəbildən digər sosial dəstək mexanizmlərinin qanunvericilikdə əks olunması vacibdir”, - Eldəniz Əmirov vurğulayıb.

Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək
Onun sözlərinə görə, bu cür humanist və sosial həssas qərarlar dövlət büdcəsinə faktiki olaraq əlavə maliyyə yükü yaratmır. Lakin insanlarda böyük motivasiya yaradır, onların həyatına rahatlıq gətirir və dövlət-vətəndaş münasibətində müsbət psixoloji effekt formalaşdırır.

İqtisadçı-ekspertin fikrincə, əlavə maliyyə tələbi üzündən əgər bəzi sahələrdə görülməsi planlaşdırılan işlər çətinləşirsə, o zaman heç olmasa maliyyə yükü yaratmayan istiqamətlərdə bu tip motivasiyaedici və ruhlandırıcı mexanizmlərin tətbiqi məqsədəuyğundur. Çünki bəzən kiçik bir güzəşt və ya rahatlıq, böyük sosial nəticələr verə bilir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Əmirov   kişilər   məzuniyyət  



Xəbər lenti