Saməddin Əsədov: “Azərbaycan bütün ərazisində 100% genişzolaqlı internet təmin edən azsaylı ölkələrdəndir”
“Bu tədbir ölkəmizin rəqəmsal transformasiya proseslərini sürətləndirməsi və beynəlxalq nüfuzunun artması baxımından mühüm platformadır. Qeyd edək ki, tədbirə ABŞ, Almaniya, Türkiyə, Rusiya, Fransa, İsrail, Yaponiya, Çin, Tailand, İsveçrə, Yunanıstan, Malayziya, Slovakiya, Qazaxıstan daxil olmaqla 160-dan artıq ölkədən 2500 yaxın iştirakçı qatılıb. Təxminən 60 ölkədən nazir və nazir müavini səviyyəsində nümayəndələr iştirak edirlər.
Tədbirə həmçinin 500-dən artıq gənc qatılıb. Bakıdakı konfransda həm beynəlxalq, həm də yerli gənclərin iştirakı onlara qlobal texnoloji tendensiyalarla tanış olmaq və beynəlxalq tərəfdaşlıqlar qurmaq üçün imkanlar yaradır”.
Saməddin Əsədov bildirib ki, dünyada hələ də təxminən 2.6 milyard insan internetə çıxış imkanına malik deyil. WTDC 25-in məqsədi məhz belə insanların əlçatan və keyfiyyətli əlaqə imkanlarını artırmaq, qlobal rəqəmsal bərabərsizliyi azaltmaqdır:
“Azərbaycan bütün ərazisində 100% genişzolaqlı internet təmin edən azsaylı ölkələrdəndir. Bu, bizim həm regionda nümunə olmağımızı, həm də qlobal səviyyədə təcrübəmizi paylaşmağımızı mümkün edir. Konfrans çərçivəsində 2026–2029-cu illər üçün qlobal rəqəmsal inkişaf yol xəritəsi qəbul ediləcək, yeni regional təşəbbüslər və telekommunikasiya prioritetləri müəyyən ediləcək.
Həmçinin, ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan və kiçik ada dövlətlərinin rəqəmsal imkanlarının artırılması diqqət mərkəzində olacaq. WTDC 25 həm də bilik və təcrübə mübadiləsi üçün unikal platformadır. Burada hökumət nümayəndələri, İKT sənayesinin liderləri və beynəlxalq təşkilatlar bir araya gələrək yeni texnologiyalar və qabaqcıl təcrübələri müzakirə edəcəklər. Bu, Azərbaycanın rəqəmsal imkanlarını artırmaq və regionda texnoloji liderlik mövqeyini gücləndirmək baxımından əvəzsiz bir fürsətdir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


