Azərbaycanda internet provayderlərinin, telekommunikasiya şirkətlərinin, eləcə də ayrı-ayrılıqda bu və ya digər vebsaytların kiberhücuma məruz qalması halları son illər tez-tez baş verir. Eyni zamanda, dövlət qurumlarına məxsus vebsaytlara qarşı hücumların həyata keçirilməsi barədə mətbuatda statistik məlumatlar verilir. Genişmiqyaslı kiberhücumlarda isə təkcə müəyyən portallar yox, ümumilikdə internet şəbəkəsi sıradan çıxır.
Nəzərə alsaq ki, müasir dünyada bütün data və informasiya, o cümlədən şəxsi məlumatlar, sənədlər, bank hesabları, kommunikasiya vasitələri, nəqliyyat və resurs təchizatı sistemləri məhz internet vasitəsilə əlçatandır, onda məsələnin necə ciddi mahiyyət daşıdığı aydınlaşır. Daha da aydınlaşdırmaqdan ötrü “Delta Telekom”un rəsmi saytında yazılan məlumata nəzər yetirək. Zənnimizcə, hər hansı şərh verməyə ehtiyac yoxdur:
“Bizim müştərilərimiz Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Respublika Bank, “Azercot” şirkəti, Respublika Seysmik Mərkəzi, Dövlət Gömrük Komitəsi, XTMD, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Yol Polisi, Fövqəladə Hallar Nazirliyi, respublikanın bütün rayonlarının icra orqanları və s. təşkilat və müəssisələrdir”.
İnternetin istər kiberhücumla, istərsə də texniki problemlər səbəbi ilə hətta bir neçə saniyə ləngidiyi, dayandığı anlarda dünya ilə əlaqəmizi itiririk. Təsəvvürümüzə gətirək ki, ümumdünya hörümçək toru dəqiqələr, saatlar yox, günlər ərzində əlçatmaz hala gəlir. İnternet həyatımızın, məişətimizin hər sahəsində elə vacib amilə çevrilib ki, onun yoxluğu – fəlakətdir. Bu fəlakətin geniş spektrdə zərbə gücü var: gündəlik işlərin pozulmasından tutmuş qlobal iqtisadi xaosadək.
Filmlərdə, seriallarda “internetsizlik”, az qala, qiyamət mühitinə gətirib çıxarır. Məsələn, məşhur amerikalı yazıçı Stiven Kinqin eyniadlı novellası əsasında 2024-cü ildə çəkilmiş “Çakın həyatı” adlı filmdə görə bilərik ki, ümumdünya hörümçək torunun qopması nəticəsində sosial şəbəkə platformalarının, xəbər agentliklərinin, bank sistemlərinin işi dayanır. İnsanlar bir-birindən hər mənada uzaq düşürlər. Eyni zamanda, özlüklərində reallıq anlayışını itirirlər. Kinotənqidçilər bu ekran işində internetin yoxa çıxmasını hətta baş qəhrəman Çakın ölümünün metaforu sayırlar. Hərçənd, digər tərəfdən, filmdə adamların “internetsiz” aləmə çıxmaları onların arasında mənəvi hissləri canlandırır, həyat yeni və insani məna qazanır.
2023-cü ildə çəkilən “Dünyanı arxada qoy” filmi də oxşar mövzuya malikdir. Bu əsərdə ümumdünya hörümçək toru ilə yanaşı mobil rabitə və televiziyadan məhrum qalan personajlar dünyada nə baş verdiyini bilmir, qorxuya, həyəcana, şübhəyə qapılır, dezinformasiyalar çoxalır. Banklar və ödəniş sistemləri, yanacaq terminalları, ərzaq təchizatı sistemləri fəaliyyətsiz qalır. Adamlar getdikcə tükənən resurslara görə bir-biri ilə rəqabətə girirlər. İctimai nizam və sivilizasiya dağılır. Beləliklə, texnologiyadan asılı müasir cəmiyyət ibtidai icma quruluşu “qayıdır”. Filmdə internetin kəsilməsi – kibermüharibənin, texnoloji terrorun başlanğıc siqnalıdır.
(Foto: "Dünyanı arxada qoy" filmindən kadr)
Təkcə bu iki filmi nəzərdən keçirmək kifayətdir ki, müasir insanın internetdən, ümumiyyətlə, texnologiyadan labüd asılılığı onun, bəlkə də, ən zəif nöqtəsidir. Bütün işlərimizi virtual şəbəkə üzərində qurduğumuz üçün onun hətta saniyələr ərzində ləngiməsinə dözmür, problem ucbatından irili-xırdalı çətin vəziyyətlərlə üzləşirik: məsələn, bizdən cavab gözləyən şəxsə mesaj yaza, lazımi ödənişi həyata keçirə, vacib informasiyaya çata bilmirik. Bu saydıqlarımız hələ ən cüzi, yüngül çətinliklərdir. Adlarını çəkdiyimiz filmlərdə meydana gələn hadisələr birbaşa şəxsi həyatımızda başımıza gəlsə, – yox… Xəyalı da qorxuncdur.
Fəlakət ssenarisinə düşməmək üçün hansı tədbirlər görülməlidir? Cavab, bəlkə də, sadədir: internet şəbəkəsindən istifadəni balanslaşdırmaq, həyati əhəmiyyətli data və informasiyanı, şəxsi hesabları, kommunikasiya vasitələrini təhlükəsiz müstəviyə ötürmək. Fiziki aləmin virtual mühitə gündən-günə daha sürətlə və geniş həcmdə ötürüldüyü dövrdə bu, müəyyən mənada “geriyə qayıdış” sayıla bilər. Hər halda, vaxt-bivaxt məruz qaldığımız kiberhücumlar və müxtəlif texniki nasazlıqlar göstərir ki, internet şəbəkəsi və virtual mühit necə həssasdır. Bu baxımdan, internetin “ümumdünya hörümçək toru” adlanması dünyanı əhatələdiyinə görə yox, həmçinin kövrəkliyinə görə tamamilə yerindədir. Fiziki amillər, yəni təbii fəlakətlər: daşqınlar, qasırğalar, zəlzələlər də internet infrastrukturuna ziyan vurur, onun axınını pozur. Əlbəttə, bütün bu problemlərə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir, ancaq uzunmüddətli perspektivdə gözlənilməz təhlükələr qaçılmazdır. Bəşəriyyət, artıq 40 ildən artıqdır ki, üstünə çökən ümumdünya hörümçək torundan qurtulub, daha davamlı və möhkəm alternativ tapmalıdır…
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


