Kotanların üsyanı
AzVision.az saytının baş redaktoru
Avropada ilk qəzetlər bizdən 250 il qabaq çıxıb. Fransada 1631-ci ildən dərc olunan «La Gazette» nəinki artıq müasir standartlara cavab verir, həm də bütün Avropada oxunurdu. Fransa hökuməti onun köməyilə qitədəki siyasi proseslərə yön verirdi. Tramp birinci hakimiyyəti dövrünə “Twitter”dən necə istifadə edirdisə, Kardinal Rişelye üçün də «La Gazette» təxminən o idi.
Rusiya Avropaya baxanda azı dörddə üç əsr gecikmişdi. Pyotrun açdığı (və axırıncı dəfə Putinin qapatdığı) pəncərədən Rusiyaya dolan Qərb küləyi digər nəsnələrlə yanaşı, qəzet vərəqlərini də gətirdi və 1703-cü ildə “Vedomosti” nəşr olundu. Onun materiallarının seçilməsində və redaktəsində Pyotr şəxsən iştirak edirdi.
Bundan 130 il sonra – 1831-ci ildə Osmanlıda türkcə ilk qəzet nəşr olundu. Hərçənd, “Təqvimi-Vəqai” daha çox rəsmi bülletenə bənzəyirdi, amma hər halda, yoxa lənət - əsas odur ki, buz qırılmış, türkcə mətbuatın əsası qoyulmuşdu.
Daha 6 il keçdi və İranda “Kağaze Əxbar” (1837), ardınca “Vəqae-İttifaqiyyə” (1851) dərc olundu.
Bütün bunlardan sonra qeyri-ixtiyari sual yaranır: Biz nəyi belə təmtəraqla qeyd edirik? Avropadan 250 il, Rusiyadan 180 il, Osmanlıdan 45 il, hətta İrandan belə 38 il geridə qalmağımızı?
Xeyr. Hər şey göründüyü kimi deyil.
Məsələn, Avropada qəzetlər yaranmaya bilməzdilər. Elə həmin o «La Gazette» quru yerdə ortaya çıxmamışdı. XVI əsrdə Venesiyada əl ilə yazılan və bir qazzettaya satılan xəbər vərəqlərinin Almaniyada ixtira olunan çap maşını ilə izdivacı Fansada qəzetlərin doğulması üçün kifayət idi. Onun doğulması hamıya lazım idi – krala da, nazirlərə də, zadəganlara da.
Rusiyada “Vedomosti” birbaşa Pyotrun təşəbbüsü və hətta layihəsi idisə, necə çıxmaya bilərdi?
Osmanlıda “Təqvimi-Vəqai”dən əvvəl başqa xalqların dilində qəzetlər nəşr olunurdu. Məsələn, fransız dilində «Le Spectateur Oriental» çıxırdı.
İran iki müharibədə Rusiyaya məğlub olduqdan sonra Avropa ilə əlaqələr qurmağa və islahatlar aparmağa çalışırdı. Bu islahatlar dalğasında ölkədə çap hərəkatı da başlamışdı.
Yəni hər yerdə qəzet çapı üçün bir əsas, zəmin, bünövrə, təkan, impuls, qığılcım var idi. Azərbaycandan başqa. “Əkinçi” şəraitin sayəsində yox, şaraitə rəğmən çıxmışdı. Burada hər şey onu tələb edirdi ki, Azərbaycan dilində qəzet olmasın. Hətta Qafqazda çıxan ilk Rusiya qəzeti “Tiflisskiye vedomosti” (1828) rus, gürcü və fars dillərində nəşr olunurdu. Ona görə, Gürcüstanın da qəzet nəşrində bizdən qabağa düşməsi təəccüblü deyil. Çünki “Əkinçi” ümumiyyətlə, olmamalı idi. Bizim boyumuza nəhəng aqrar imperiyanın ucqar ərazilərində kotan rolu oynamaq biçilmişdi. O kotanın dəstəyini tutan əkinçilər isə başqaları olmalı idilər. Həsən bəyin etdiyi bu rola etiraz, “Biz kotan yox, əkinçiyik!” nidası idi.
Zərdabi rus dilində təhsil almışdı. Asanlıqla qəzetini rus dilində buraxa bilərdi. Əgər “Əkinçi”nin adı “Пахарь” olsaydı, oxucusu da, aldığı dəstək də sözsüz, daha çox olacaqdı. Bəlkə heç iki ildən sonra qapanmayacaqdı da. Çünki Azərbaycan dilində “Əkinçi” nə yuxarılara lazım idi, nə də aşağılara. Amma “Пахарь” sadəcə, qəzet olacaqdı. “Əkinçi” isə kotan kimi baxılan xalqın ziyalısının intellektual üsyanı, “əhli-aləmi ihya etməsi” idi. Qəzet şəklində maddiləşən mədəni-elmi üsyanı. Və bu üsyan qalib gəldi!
Teqlər: Mətbuat







Vaxtında, Aydın, Lazımlı!


